Qazaxıstan, Astana, 02 iyun / Trend , müx. K.Konırova/ Qazaxıstanda keçmiş Karlaqın yerində (Karaqanda vilayətində siyasi məhbuslar üçün düşərgə) azərbaycanlıların - Qazaxıstana sürgün edilmiş Stalin repressiyası qurbanlarının xatirəsinə abidə ucaldılıb. Abidənin açılışı siyasi repressiya qurbanlarının xatirəsi Günündə Karaqanda vilayətinin Spassk şəhərində digər xalqların - rusların, polyakların, ukraynalıların, finlərin, rumınların və gürcülərin memorial və abidələrinin ümumi açılış mərasimində baş tutub.
Bu xatirə günü Qazaxıstanda 1997-ci il mayın 31-dən qeyd olunur. 1993-cü ildə respublikada siyasi repressiya qurbanlarının bəraət almasına dair qanun qəbul olunub. Azərbaycanın Astanadakı səfirliyinin məlumatına görə, repressiya illərində Qazaxıstanda həlak olan azərbaycanlıların sayı 150 min nəfər təşkil edib. Onlardan 28 mini məhkəmə və istintaq olmadan güllələnib. Abidə Azərbaycan səfirliyinin təşəbbüsü ilə açılıb. Abidə önünə əklil qoyma mərasimindən sonra Azərbaycanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Lətif Qəndilovun həmin mərasimdə verdiyi məlumata görə, belə bir abidənin açılması barədə qərar səfirliyin bu respublikadakı fəaliyyətinin ilk günündən qəbul olunub.
"Keçmişsiz gələcək yoxdur. Biz repressiya illərində günahsiz və istintaqsız həlak olan həmvətənlərimizi unutmamalıyıq. Biz gələcəkdə belə bir dəhşətli cinayətin təkrar olunmaması üçün onları yaddan çıxarmamalıyıq", - deyə azərbaycanlı diplomat bildirib. Əklil qoyma mərasimindən sonra mərhumların ruhuna dua oxunub.
Respublika regionlarında da siyasi repressiya qurbanlarının abidəsi və memorialları önünə əklil qoyma mərasimləri və minitqlər keçirilib.
Rəsmi məlumatlara görə, SSRİ dövründə ümumilikdə 3,77 mln. nəfər Stalin repressiyasının qurbanı olub. Onlardan təxminən 500 mini güllələnib, digərləri isə 25 il müddətinə qədər azadlıqdan məhrum ediliblər.
Respublikada bu günə qədər Qazaxıstana deportasiya olunanlar da daxil olmaqla 345 mindən çox qanunsuz repressiya qurbanlarına bəraət verilib və arxiv materiallarının öyrənilməsi üzrə işlər hazırda hələ də davam etdirilir.