Azərbaycan, Bakı, 03 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan hökuməti ölkədə yeni inzibati məhkəmələrin yaradılması məsələsini müzakirə edir. "İnzibati- Prosessual Məcəllə parlamentdə müzakirə olunan zaman inzibati məhkəmələrin hazırda mövcud olan məhkəmə kollegiyalarının tərkibində deyil, ayrıca yaradılmasına dair təkliflər verilib. Hazırda hökumət bu məsələni müzakirə edir", - deyə çərşənbə axşamı Trend -a açıqlamasında Azərbaycan parlamentinin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bildirib.
Azərbaycan parlamentində hazırlanan İnzibati- Prosessual Məcəllədə inzibati mübahisələrə baxmaq üçün məhkəmələrin yaradılması nəzərdə tutulub. Məcəllə birinci oxunuşda parlamentdə qəbul olunub.
"Parlamentdə birinci oxunuşda qəbul olunan yeni İnzibati- Prosessual Məcəllədə inzibati məhkəmələrin hazırda mövcud olan məhkəmələrin tərkibində yaradılması nəzərdə tutulurdu. Hazırda isə bu məhkəmələrin ayrıca sturuktur kimi yaradılması məsələsi müzakirə olunur. Hesab edirəm ki, biz ən yaxşı modeli seçməliyik. Əsas məsələ hakimlərin peşəkarlığı və işlərə obyektiv baxmasıdır", - deyə parlament rəsmisi əlavə edib.
Onun sözlərinə görə, Məcəllə rəy verilməsi üçün beynəlxalq təşkilatlara da göndəriləcək.
Məcəllənin parlamentin payız sessiyasında qəbul olunması nəzərdə tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]