Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanı bədii gimnastika üzrə Qazaxıstanın Astana şəhərində keçiriləcək dünya kubokunda iki idmançı təmsil edəcək. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.
Astanada keçiriləcək dünya kuboku yarışında Azərbaycandan iki gimnast - Anna Qurbanova ilə Zeynəb Cavadlı iştirak edəcəklər. Qurbanova bu ilin avqustunda keçiriləcək Pekin Olimpiadasına lisenziya qazanmış yığma komandanın üzvüdür. O, bir müddət əvvəl İtaliyanın Prato şəhərində keçirilmiş "Trofeo KariPrato" beynəlxalq turnirində gümüş medal qazanıb.
Dünya kuboku yarışı iyulun 19- 20-də keçiriləcək.
Azərbaycan gimnastları dünya kuboku yarışında məşqçi Nina Qarayevanın rəhbərliyi altında çıxış edəcəklər. Qarayeva həm də yarışın hakimlərindən biri olacaq.