...

Gülün səfəri Ermənistan–Türkiyə oyununun dramatikliyini "öldürdü"-TrendNews-un idman icmalçısı

Cəmiyyət Materials 8 Sentyabr 2008 16:56 (UTC +04:00)
Gülün səfəri Ermənistan–Türkiyə oyununun dramatikliyini "öldürdü"-TrendNews-un idman icmalçısı

Rəşad Ergün- Trend -un idman icmalçısı

2010-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının ilk turu Fransa üçün üzücü məğlubiyyətlə, Litva üçün isə gözlənilməz qələbə ilə yadda qaldı. İllər ötəcək, Fransada yığma komandanın Avstriyaya 1:3 hesabı ilə məğlub olmasını, Litvada isə çətin Rumıniya səfərində əldə olunan 3:0 hesablı qələbəni unutmayacaqlar. Və... İllər sonra bütün dünyanın unutmayacağı bir oyun da oldu: Ermənistan - Türkiyə.

Ermənistan - Türkiyə oyunu yaşıl meydan çərçivəsindən, idman mübarizəsi prizmasından kənara daha çox çıxa bilərdi. Amma Türkiyə prezidenti Abdullah Gül Yerevana səfər etməklə iki ölkə arasındakı tarixi münasibətin, özü də yaxşı olmayan münasibətin yaşıl meydanda əks olunmasının qarşısını aldı. Əks halda, Ermənistan - Türkiyə futbol matçı DÇ-2010-nun ilk turunun ən dramatik oyununa çevrilə bilərdi. Gülün səfəri, Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin bu oyunun prinsipiallığını "öldürməyə" xidmət edən açıqlamaları faydasını verdi. Sonda Ermənistanla Türkiyə arasında sıradan bir görüş izlədik. Nə olmuşdusa, oyunadək olmuşdu. Türkiyə prezidentinin səfəri, oyundan əvvəl "bu qarşılaşmanın nəticəsi əvvəlcədən razılaşdırılıb, görüş heç-heçə başa çatacaq" kimi söz-söhbətlər... Bax, yaddaşlara həkk olunan bunlar oldu. Bir də elə də baxımlı keçməyən, adamın adrenalinini qaldırmayan görüşdə Tuncay Şanlı ilə Semih Şəntürkün vurduğu qollar.

Bəs az əvvəl keçirilən Avropa çempionatında göstərdiyi oyun, qazandığı nəticələrlə hər kəsi mat qoyan Türkiyə millisi Yerevanda uduzsa, ya da heç-heçə etsə, nə olardı? Bax, onda faciə olardı. Yox, söhbət heç də Türkiyənin kifayət qədər çılğın olan azarkeşlərinin qələbədən başa heç bir nəticəni qəbul etmək istəməməsindən getmir. Söhbət oyundan əvvəl gedən söz-söhbətdən gedir. O söhbətdən ki, "oyun heç-heçə başa çatacaq" düşüncəsində olanların sayı az deyildi. Və qələbədən başqa istənilən nəticə "Türkiyə yığması ermənilərlə danışığa gedib oyunu satdı" kimi söz-söhbətin yaranmasına səbəb olardı.

Onsuz da Gül Yervana səfər etməklə Azərbaycandakı Türkiyə yığmasının azarkeşlərinin "xətrinə dəymişdi". Üstəlik Türkiyə millisi də Yerevanda qələbə qazana bilməsəydi, Terimin komandasının Azərbaycandakı çoxsaylı fanatları potensial düşmənə çevriləcəkdi. 2:0-lıq qələbə Gülün Yerevana səfərini də, "oyunun nəticəsi əvvəlcədən razılaşdırılıb" kimi söz-söhbəti də unutdurdu. Yaxşı ki, unutdurdu.

...Oyundan sonra keçirilən mətbuat konfransında Terim jurnalistlərlə görüşünü yarımçıq dayandıraraq, otağı tərk edib. Səbəb erməni jurnalistin telefonuna zəng gəlməsi olub. Türkiyə yığmasının baş məşqçisi telefon zənginin mətbuat konfransının gedişinə təsir etməsinə dözməyib.

...Əslində, Terim çox qəribə məşqçidir. DÇ-2006-nın seçmə mərhələsinin ən həlledici oyununda Türkiyə yığmasını İsveçrə üzərinə sanki düşmən üzərinə gedirmiş kimi aparan Terim, Yerevana tam başqa cür getdi. Ya "yuxarıdan" tapşırıq belə idi, ya da təcrübəli məşqçi növbəti dəfə emosional olub özünü və komandasını "yandırmaqdan" qorxdu. Hər halda, İsveçrə ilə oyuna hay-küylə gedib məğlub olan Türkiyə komandası Yerevana sakitcə səfər edərək, lazım olan qələbəni qazandı.

...Oyunun keçirildiyi "Razdan" stadionunun oturacaqlarının yarıdan çoxu boş qalmışdı. Bəlkə ermənistanlı fanatlar komandalarının Türkiyə önündə aciz qalacağını hiss etdikləri və buraxılan hər qoldan sonra üzülməmək üçün belə ediblər? Bu, hisslərin, emosiaların oyunu idi, hər şey ola bilər. Yaxşı ki, Gülün buraxdığı "qol"un acısını Türkiyə millisi qələbə gətirən qollarla unutdurdu.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti