...

Azərbaycan QHT-ləri Qarabağ probleminin həllində vətəndaş cəmiyyətinin iştirakını vacib sayırlar

Cəmiyyət Materials 3 Oktyabr 2008 11:09 (UTC +04:00)
Azərbaycan QHT-ləri Qarabağ probleminin həllində vətəndaş cəmiyyətinin iştirakını vacib sayırlar

Azərbaycan, Bakı, 03 oktyabr / ,K.Zərbalıyeva/ Azərbaycanın Qeyri Hökumət Təşkilatları nümayəndələri Qarabağ probleminin həllində vətəndaş cəmiyyətinin iştirakını vacib sayırlar.

Bu təkliflə Azərbaycanın aparıcı QHT rəhbərləri Bakıda səfərdə olan ABŞ Dövlət Katibinin birinci müavini Con Neqroponte ilə (John D. Negroponte) cümə günü keçirilən görüşdə çıxış ediblər.

Trend -un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

"Azərbaycanın NATO ilə əməkdaşlığını vacib sayan QHT nümayəndələri hesab edirlər ki, bu, Azərbaycanın Avrointeqrasiya prosesinə və Qafqazdakı vəziyyətin stabilləşməsinə kömək edəcək", - deyə Trend -a görüşdə iştirak edən hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib.

Onun sözlərinə görə, görüşdə Azərbaycanda və Cənubi Qafqazda demokratikləşmə, ölkədə insan haqlarının, söz, sərbəst toplaşmaq, dini azadlıqların vəziyyəti, insan alveri ilə mübarizə məsələləri müzakirə olunub.

Müzakirələrdə seçkilərdən sonra hakimiyyət strukturları ilə vətəndaş cəmiyyəti arasında sıx əlaqənin qurulması, ölkədə fəaliyyət göstərən siyasi partiyaların hamısına bərabər şərait yaradılması vacib hesab olunub.

Qonaq cümə axşamı Bakıda prezident və xarici işlər naziri ilə danışıqlar aparıb.

Məqalə müəllifi ilə əlaqə - [email protected]

Xəbər lenti

Xəbər lenti