Azərbaycan, Bakı, 13 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Mətbuat Şurası prezident seçkisi günü ilə bağlı fəaliyyət planını açıqlayıb.
Oktyabrın 15-də keçiriləcək prezident seçkisi zamanı jurnalistlər Mətbuat Şurasını seçki məntəqələrində prosesin işıqlandırılmasında yarana biləcək məneələr barədə məlumatlandıra bilərlər.
"Qanun pozuntusu ilə qarşılaşan jurnalistlər Şurada yaradılan qaynar xətt (561-80-37; 561-82-46) vasitəsilə dərhal Mətbuat Şurasına məlumat verməlidir. Qurum operativ qaydada bu problemləri həll edəcək", - deyə bazar ertəsi Trend -un Beynəlxalq Mətbuat Mərkəzində Şuranın sədri Əflatın Amaşov bildirib.
Dövlət başçısı postuna yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iddia edir.
Amaşovun sözlərinə görə, Mətbuat Şurası prezident seçkisi günündə hər iki saatdan bir hesabat hazırlayacaq. "Günün sonunda Şura yekun hesabatı açıqlayacaq", - deyə o bildirib.
Azərbaycanın Mətbuat Şurası 2003-cü il martın 15-də jurnalistlərin I Qurultayında yaradılıb. Yaradılan vıaxtdan quruma Əflatun Amaşov rəhbərlik edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend