Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda narkotiklərin qaçaqmalçılığında ittiham olunan yüksək vəzifə tutmuş şəxslərin övladlarından ibarət mütəşəkkil dəstənin üzvlərinin cinayət işi üzrə hazırlıq iclası növbəti dəfə təxirə salınıb.
Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov və Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmənin çərşənbə günü keçirilən hazırlıq iclasında təqsirləndirilən Vüqar Əliyevin vəkili xəstə olduğundan cinayət işinin materialları ilə tanış olmadığnı əsas gətirərək prosesin təxirə salınması xahişi ilə məhkəməyə yazılı müraciət edib.
Məhkəmə vəkilin müraciətini təmin edib və hazırlıq iclası noyabrın 5-nə təxirə salınıb.
Orxan Nadirov, Mahir Mirsalamov, Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206-cı), satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama (234.1-ci ) və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1-ci) maddələri ilə ittiham olunurlar.
Təqsirləndirilən şəxslər bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər. Onlardan narkotik vasitə olan "ekstazi" aşkarlanıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]