...

Azərbaycanın futbol mütəxəssisləri "Neftçi" klubunda dəyişiklikləri zəruri sayır

Cəmiyyət Materials 28 Oktyabr 2008 12:53 (UTC +04:00)
Azərbaycanın futbol mütəxəssisləri "Neftçi" klubunda dəyişiklikləri zəruri sayır

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol məşqçiləri "Neftçi" klubundakı problemlərin həll olunması məqsədilə baş məşqçinin istefaya göndərilməsinin çıxış yolu olmadığını bildirirlər.

"Neftçi" klubunun rəhbərliyi baş məşqçi Hans Yurgen Gedeyə inanırsa, o, qalıb işini görməlidir. Gedeyə öz planlarını, ideyalarını həyata keçirmək üçün vaxt vermək lazımdır", - Trend -un "Neftçi" ilə bağlı keçirdiyi sorğuda iştirak edən yığma komandanın keçmiş baş məşqçisi Vaqif Sadıqov deyib.

Trend -un arayışı: Azərbaycan Premyer-Liqasında uğursuz çıxış edərək, turnir cədvəlində 10-cu yerdə olan "Neftçi"də futbolçularla almaniyalı baş məşqçi Hans Yurgen Gede arasında böyük problem yaranıb. Problemlərin həll olunması üçün klub rəhbərliyinin qış fasiləsi dövründə ya baş məşqçini, ya da bir qrup futbolçunu komandadan uzaqlaşdıracağı gözlənilir.

Azərbaycan yığmasının keçmiş baş məşqçilərindən olan Şahin Diniyev isə bildirib ki, "Neftçi" klubunun rəhbərliyi mətbuat vasitəsi ilə komandada baş verənlərlə bağlı açıqlama verməlidir.

"Hamıda - həm klub rəhbərliyində, həm futbolçularda, həm də baş məşqçidə günah var. Amma kimin günahı daha çoxdur, o da getməlidir. "Neftçi"nin rəhbərliyi mətbuat vasitəsi ilə komandada baş verənlərlə bağlı ictimaiyyətə açıqlama verməlidir. Komandada ruh yoxdur, "Neftçi"nin futbolçuları meydana oyunu "yola vermək" üçün çıxırlar. Klubda mütləq dəyişiklik olmalıdır", - deyə Diniyev əlavə edib.

"Gənclərbirliyi" klubunun keçmiş baş məşqçisi Sabir Əliyev isə hesab edir ki, "Neftçi"də problemlərin yaranmasının günahı almaniyalı məşqçidədir.

"Məncə, "Neftçi"dəki problemlərin həll olunması üçün Gede istefa verməlidir. Mən bu məşqçinin Azərbaycana gəlməmişdən əvvəl harda işlədiyini bilmirəm, onu tanımıram. Hesab edirəm ki, azərbaycanlı məşqçilər almanlardan heç də zəif deyil", - o deyib.

"Xəzər-Lənkəran"ın türkiyəli baş məşqçisi Rasim Kara isə "Neftçi" klubunun rəhbərliyinin baş məşqçi vəzifəsində tez-tez dəyişiklik etməsinin komandaya ziyan vurduğunu deyib.

"Neftçi" klubunun rəhbərliyi problemlərini özü həll etməlidir. Bu komandada tez-tez baş məşqçi dəyişikliyi olur. Hesab edirəm ki, bu düzgün deyil", - Kara əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti