...

ABŞ-ın Azərbaycandakı səfirliyinə qarşı terror planlaşdıran dəstə üzvlərinin məhkəməsi başlayıb

Cəmiyyət Materials 24 Noyabr 2008 14:48 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyinə qarşı terror planlaşdıran dəstə üzvlərinin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda terror aktları planlaşdırmaqda təqsirli bilinən, hərbi hissədən qaçmış leytenantın rəhbərlik etdiyi dəstə üzvlərinin işi üzrə bazar ertəsi hazırlıq iclası keçirilib.

İyirmi nəfərlik dəstə üzvləri qanunsuz silahlı birləşmələr yaratmaq, odlu silah əldə etmək, saxlamaq, terrorçuluq və digər ağır cinayətlərdə təqsirli bilinirlər.

Dəstə başçısı Kamran Əsədov həbs edilərkən Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olub.

O, ötən ilin oktyabrında özü ilə 4 avtomat silah, 1 pulemyot, 20 əl qumbarası, xeyli patron götürüb Xanlar rayonunda dislokasiya olunan hərbi hissədən qaçmışdı. Dəstənin üzvləri oğurlanmış silahın bir hissəsini İsmayıllı rayonunda gizlədərək Bakıya gəlmişdilər. Dəstənin Azərbaycandakı bəzi səfirliklərə qarşı terror əməlləri törətmək niyyəti olduğu barədə məlumat alan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oktyabrın 27-də Maştağa qəsəbəsindəki evlərdən birində dəstənin bir neçə üzvü tutulub saxlanılmış, müqavimət göstərən dəstə üzvü isə öldürülmüşdü.

Evdə aparılan axtarışın gedişində əvvəllər hərbi hissədən oğurlanan döyüş sursatının bir qismi aşkar olunub müsadirə edilmişdi. Bundan başqa, dəstə üzvlərinin İsmayıllı rayonu ərazisində gizlətdikləri digər sursat da götürülmüşdü. Saxlanılan dəstə üzvləri ifadələrində bildirmişlər ki, bir sıra xarici ölkə, o cümlədən ABŞ səfirliyinə qarşı terror əməli törətmək niyyətində olublar. Silah da məhz bu məqsədlə əldə edilibmiş.

MTN noyabrın 9-da İsmayıllı rayonu ərazisindəki meşədə gizlənən dəstə başçısını və Fərid Cabbarovu saxlayıb. Milli Təhlükəsizlik Nazirliyinin apardığı əməliyyat tədbirləri zamanı bəlli olub ki, Əsədov radikal vəhabi dini təriqətə qulluq edir və cinayəti bir qrup şəxslə törədib.

Bazar ertəsi keçirilən hazırlıq iclasında vəkillər təqsirləndirilən Vüqar Əliyev barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi və Bəxtiyar Orucovun barəsindəki Cinayət Məcəlləsinin hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə (331) və döyüş növbəsi çəkmə qaydalarını pozma (338) maddələri ilə cinayət işinə xitam verilməsi tələbi ilə vəsatət qaldırıblar. Məhkəmə vəsatəti təmin etməyib.

İş üzrə məhkəmə baxışı dekabrın 4-nə təyin olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti