...

Deputatlar azərbaycanlı şairin abidəsinin ucaldılmamasına narazılıqlarını bildiriblər

Cəmiyyət Materials 2 Dekabr 2008 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin deputatları Güney Azərbaycanda yaşamış görkəmli şair Məmmədhüseyn Şəhriyara Bakı şəhərində abidə ucaldılmasını tələb edirlər.

"Şəhriyar adına Mədəniyyət Mərkəzinin qarşısında abidə qoyulması nəzərdə tutulurdu. Lakin indi orada fəvvarə quraşdırıblar", - bu barədə Azərbaycan parlamentinin çərşənbə axşamı keçirilən iclasında müxalifəti təmsil edən Vətəndaş Həmrəyliyi Partiyasınını sədri, deputat Sabir Rustəmxanlı bildirib.

Rüstəmxanlı qeyd edib ki, Şəhriyar adına Mədəniyyət Mərkəzinin qarşısında Şəhriyara abidə ucaldılacağına dair daş lövhə qoyulubmuş. Lakin saray təmir olunduqdan sonra həmin daş lövhə yoxa çıxıb və orada fəvvarə quraşdırıblar.

"Məmmədəmin Rəsulzadənin abidəsinin ucaldılmasında da eyni hadisə təkrar olundu. Bu vəziyyət nə qədər davam edəcək. Azərbaycan tarixində xüsusi rolu olan insanlara belə münasibət yolverilməzdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu məsələyə görə cavab verməlidir", - deyə Rüstəmxanlı əlavə edib.

Deputatlar İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Pənah Hüseyn, İltizam Əkbərli də təklifi dəstəkləyiblər.

İclası idarə edən birinci vitse-spiker Ziyafət Əsgərov isə qeyd edib ki, Azərbaycanda tarixi şəxsiyyətlərə və onların gördükləri işlərə həmişə yüksək qiymət verilib və deputatlar tərəfindən qaldırılan məsələ araşdırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti