...

"Altın Körpü" dərgisinin ilk sayı çapdan çıxıb

Cəmiyyət Materials 31 Dekabr 2008 19:00 (UTC +04:00)
"Altın Körpü" dərgisinin ilk sayı çapdan çıxıb

Qazaxıstan, Almatı, 31 dekabr / Trend müxbir R.Məşədihəsənli/ Orta Asiyadan Avropa və Asiyanı mənən bir-birinə bağlayan və xalqların tarix, mədəniyyət və adət-ənənələrini bir-birinə tanıtmaq məqsədi daşıyan, Azərbaycan və Türk diaspor təşkilatlarına ərmağan sayılan "Altın Körpü" dərgisinin ilk sayı çapdan çıxıb. Dərginin təsisçisi və sponsoru, Qazaxıstan Ahıska Türkləri Milli Mərkəzinin sədri və Dünya Ahıska Türkləri Konqresinin prezidenti Ziyaeddin İsmihanoğlu Trend müxbirinə deyib ki, ötən il Bakıda keçirilən Türk-Azərbaycan diaspor təşkilatlarının Forumunda Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikasının liderlərinin birliyə doğru çağırışına əməli cavab olaraq Orta Asiyada "Altın Körpü" adlı tam rəngli bir dərginin nəşrinə başlanılıb.

"2009-cu ilə qədəm qoyarkən bu jurnal türkdilli xalqlara ən böyük hədiyyəmiz oldu", - deyə İsmihanoğlu bildirib.

Dərginin üz qabığında Türkiyə və Qazaxıstan prezidentlərinin fotosu verilib. Sonrakı səhifədə isə xalq şairi Zəlimxan Yaqubun "Əzəl axır dünya bizim olacaq" şeri dərginin himni kimi çap olunub. 120 səhifəlik dərgidə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tatarıstan və diğər ölkələrə dair ətrafli yazılar dərc edilib.

Türk, rus, ingilis, azərbaycan, qazax və özbək dillərində çap olunan "Altın Körpü" dərgisinin baş redaktoru, "Türkel" və "Vətən" qəzetlərinin baş redaktoru, Trend -un Qırğızıstandakı müxbiri, filologiya elmləri namizədi Ramiz Məşədihəsənli, baş redaktor müavini isə "Türkel" və "Vətən" qəzetlərində eyni vəzifədə çalışan Hökümə Xəlilovadır.

Dərgi hələlik üç ayda bir dəfə, sonra isə 45 gündə bir dərc ediləcək. 

Xəbər lenti

Xəbər lenti