Azərbaycan, Bakı, 20 yanvar / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanda xarici radiostansiyalar yalnız dövlətlərarası razılıq çərçivəsində yayımlana bilər.
"Dövlətlərarası razılıq olsa, Azərbaycanda xarici radiostansiyalara yenidən milli tezliklər verilə bilər", - çərşənbə axşamı jurnalistlərə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.
Trend - un arayışı: Milli Televiziya və Radio Şurasının qərarı ilə, yanvarın 1-dən "Bi-Bi-Si", "Azadlıq" və "Amerikanın Səsi" radiostansiyalarının Azərbaycanın milli tezliklərində yayımı dayandırılıb. Azərbaycanın "Televiziya və Radio yayımı haqqında" Qanununa əsasən, xarici radiostansiyalar ölkənin milli tezliklərində yayımlana bilməz. Xarici radiostansiyalar peyk, İnternet və kabel şəbəkəsi vasitəsilə yayımlana bilər.
ABŞ Dövlət Departamenti, Avropa Şurası, ATƏT - in Bakı ofisi və digər beynəlxalq təşkilatlar Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılmasından narahatlıqlarını bildiriblər və MTRŞ-ni qərara yenidən baxmağa çağırıblar.
Prezidentin sərəncamı ilə, 2005-ci ildən teleradio kanallarının lisenziyalaşdırılması işi Milli Televiziya və Radio Şurasına həvalə olunub. Bundan sonra MTRŞ ölkədə yayımlanan teleradio kanallarının yenidən lisenziyalaşdırılması prosesinə başlayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]