...

İslamofobiyanın qarşısının alınmasında müsəlmanlar ciddi rol oynaya bilərlər

Cəmiyyət Materials 11 Fevral 2009 11:04 (UTC +04:00)
İslamofobiyanın qarşısının alınmasında müsəlmanlar ciddi rol oynaya bilərlər

Azərbaycan, Baкı, 10 fevral / Trend ,müxbir E.Ostapenko, T.Cəfərov/ İslamın bütün dini liderləri və müsəlman intellektualları vahid cəbhədən çıxış edərək öz mövqelərini və İslam dinini düzgün formada dünyaya çatdıra bilsələr, islamofobiyanın vüsət almasının qarşısı alına bilər.

"Müsəlmanlar beynəlxalq konfrans və tədbirlərdə fəal iştirak edərək dünya xalqları qarşısında öz mövqelərini açıq nümayiş etdirməli, islami ideyalar və qanunları dünya ictimaiyyətinə çatdırmaqla həqiqi İslamı onlara bəyan etməlidirlər"- deyə İranın Qumdakı Dini Elmlər Mərkəzi Alimlər Birliyinin sədr müavini ayətullah seyid Haşim Hüseyni Buşehri çərşənbə axşamı telefonla Qumdan Trend -a bildirib.

Türkiyə Prezidenti Abdullah Gül Səudiyyə Ərəbistanı parlamentindəki çıxışında müsəlman ölkərlərinin birləşərək dünyada vüsət almış islamofobiyaya qarşı birgə mübarizə aparmasının labüdlüyünü bildirib.

Gül islamofobiyanın qarşısını almağın ən yaxşı yolunun dinlərarası dialoq olduğunu deyib.

Hərfi mənası İslam qorxusu olan "islamofobiya" termini Avropa və Amerikada 1990-cı illərdən başlayaraq vüsət alan İslam əleydarlığını ifadə etmək üçün istifadə olunur. İslamofobiyanın yayıldığı ölkələrdə müsəlmanlara qarşı ayrıseçkilik, İslamın və müsəlmanların terrorun mənbəyi olması ilə bağlı fikirlər geniş vüsət alıb. Bunun ən bariz nümunələrindən biri Danimarkada "Jyllands-Posten" qəzetində 2005-ci il sentyabrın 30-da  nəşr olunan və Məhəmməd peyğəmbəri terrorist kimi göstərən karikatura idı.

Danimarkadakı qəzetə dəstək vermək üçün Fransa, Almaniya, Hollandiya, İtaliya və İspaniyada 7 müxtəlif qəzet də bu karikaturaları yenidən nəşr etdilər.

2001-ci il sentyabrın 11-də Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə "Əl-Qaidə" terror təşkilatı tərəfindən həyata keçirilən terror aksiyasından sonra Qərbdə, xüsusilə də ABŞ-da islamofobiya geniş vüsət aldı.

Müxtəlif mədəniyyət və din mənsublarının bir-birilərinə qarşı olan qərəzli mövqelərinin qarşısını almaq üçün tez-tez gündəmə gətirilən həll yollarından biri dinlərarası dialoqdur. Günümüzdə müsəlman dünyasında dinlərarası dialoqun ən tanınmış təşəbbüskarı Türkiyədəki dini bir icmanın lideri olan Fətullah Güləndir. Gülənin təşəbbüsü ilə vüsət alan, xristianların və müsəlmanların tanınmış dini liderləri arasında görüşləri və dialoqu nəzərdə tutan toplantılar islamofobiyanın qarşısını almaq üçün ən yaxşı vasitələrdən biri hesab olunur.

İslam Konfransı Təşkilatının mətbuat katibi İsam Şantin hesab edir ki, müsəlmanlarin islamofobiyaya qarşı mübarizə aparmaq imkanları var. Sadəcə olaraq, bu mübarizə sıravi insanlar səviyyəsində yox, rəsmi səviyyələrdə aparılmalıdır.

"Əslində heç bir din zorakılıq tərəfdarı deyil. Buna görə də, dünyada islamofobiyanın qarşısını almaq üçün müsəlmanların potensial imkanları var və bu da təbii ki, dialoqun aparılması və rəsmi səviyyədə görüşlərin keçirilməsi ilə mümkündür", - deyə Şantin çərşənbə axşamı Ciddədən telefonla Trend -a bildirib.

Avropalı ekspert Şada İslam isə hesab edir ki, bu gün artıq Qərbdə islamofobiya o qədər də yüksək səviyyədə deyil. Ekspertin fikrincə, islamofobiyanın vüsət almaması üçün İslam və Qərb mədəniyyətinin nümayəndələri bir-birilərini yaxından tanımalı və dialoqda olmalıdırlar. O, bu məsələdə dini və siyasi liderlərin ön sıralarda olmasının vacibliyini də vurğulayıb.

"Dunyanin qloballaşdığı bir vaxtda bütün dinlər və dini qruplar dinc yaşayış üçün bir biri ilə sıx ünsiyyətdə olmaq məcburiyyətindədirlər", - Avropa İttifaqı - Asiya Forumu və Müsəlmanlar Avropada Forumunun kordinatoru, Avropa Siysət Mərkəzinin aparıcı eksperti İslam çərşənbə günü telefonla Brüsseldən Trend -a bildirib.

Ekspert hesab edir ki, müsəlman din xadimləri və intellektualları İslam dinini dünyaya düzgün formada çatdırmaq üçün cəhd göstərməlidirlər.

İranlı ekspert Buşehri islamofobiyaya qarşı mübarizənin ən yaxşı yolunun müsəlman ölkələri arasında birlik və vəhdət yaratmaq olduğunu bildirib. Ekspertin fikrincə, müsəlman aləminin dünya ictimaiyyətindəki mövqeyi vahid olarsa, dünya ictimaiyyəti və xüsusilə də islamofobiyanın geniş yayıldığı ölkələr müsəlmanlara qarşı təxribat törədə bilməzlər.

Avropa ölkələrində 25 milyon müsəlman yaşayır. Müsəlmanların əsas hissəsini Böyük Britaniyada pakistanlılar, Fransada şimali afrika ölkələrindən olam müsəlman ərəblər, Almaniyada isə türklər təşkil edir.

Məqalənin hazırlanmasında B.Həsənov və R.Hafizoğlu iştirak ediblər

Məqalə müəllifi ilə əlaqə : trеnd@trеnd.az

Xəbər lenti

Xəbər lenti