...

Azərbaycanın "Xəzər Lənkəran" futbol klubunun yeni təlim-məşq mərkəzinin tikintisi başa çatıb

Cəmiyyət Materials 4 Aprel 2009 13:48 (UTC +04:00)

Azərbaycan, Bакı, 04 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın futbol üzrə Premyer-liqasında çıxış edən "Xəzər Lənkəran" klubunun yeni təlim-məşq mərkəzinin açılış mərasimi keçiriləcək.

"Lənkəran şəhər mərkəzi stadionunun ərazisində inşa edilən mərkəzin açılışı Premyer-liqanın 20-ci turda "Xəzər Lənkəran"la "Standard" arasında keçiriləcək oyundan öncə baş tutacaq", - şənbə günü Trend -a "Xəzər Lənkəran" futbol klubunun mətbuat katibi Tural Əsgərov bildirib.

Onun sözlərinə görə, yeni tikili klub və komanda üzvlərinin, eləcə də qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulan dördmərtəbəli binadan, böyük hovuz, sauna və trenajor zallarından, 60 nəfərlik yeməkxanadan ibarətdir. "Binanın 5-ci mərtəbəsində yay kafesi fəaliyyət göstərəcək. Burada yerləşdiriləcək bilyard və tennis masalarında sakinlər boş vaxtını fəal istirahətə həsr edə biləcəklər", - Əsgərov əlavə edib.

Mətbuat katibi deyib ki, mərkəzin binasında 43 otaq olacaq. "Bunlardan biri prezident otağı, 14-ü lüks tipli, digərləri isə adi ikinəfərlik otaqlardır. Futbolçuların sağlamlığı, fiziki hazırlığı və zədəsonrası bərpa prosesinə xüsusi diqqət ayırmaq məqsədilə mərkəzdə xüsusi avadanlıqlarla təhciz edilmiş müayinə, fizioterapiya və masaj otaqları fəaliyyət göstərəcək", - Əsgərov vurğulayıb.

Klubun prezidenti Mais Mənsimov yeni mərkəzin açılışını "Xəzər Lənkəran"ın böyük uğuru kimi qələmə verib. "Biz bir daha göstəririk ki, "Xəzər Lənkəran" bütün istiqamətlərdə inkişaf edən klubdur. Anlayırıq ki, keyfiyyətli təlim-məşq üçün şərait olmasa, komandadan ciddi uğur gözləmək mənasızdır. Dəfələrlə "Xəzər Lənkəran"ı böyük məqsədləri olan klub adlandırmışıq. Bu məqsədlərə çatmaq üçün üzərimizə böyük və ağır məsuliyyət düşür. Amma nə qədər çətin olsa da, gec-tez klubumuzu yüksək qitə standartları səviyyəsinə çatdıracağıq", - Mənsimov deyib.

Əsgərov bildirib ki, mərkəzin açılış mərasiminə "Xəzər Lənkəran" futbol klubunun fəxri prezidenti Mübariz Mənsimov və AFFA prezidenti Rövnəq Abdullayev də dəvət ediliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti