...

Azərbaycanda "donuz qripi" virusunun profilaktikası ilə bağlı durum tam sabitdir - nazir

Cəmiyyət Materials 28 Aprel 2009 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir Ü.İsmayılova /

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda epidemiyası Meksikada başlayan "donuz qripi" virusunun profilaktikası ilə bağlı durumun sabit olduğunu bəyan edib.

"Tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycanda "donuz qripi" virusunun profilaktikası ilə bağlı durum tam sabitdir", - çərşənbə axşamı Trend -a,kənd təsərrüfatı naziri İsmət Abbasov deyib.

Onun sözlərinə görə, nazirliyin bugünkü iclasında Dövlət Veterinar Xidmətinə bu istiqamətdə işlərin gücləndirilməsi ilə bağlı xüsusi tapşırıqlar verilib.

"Hazırda Dövlət Xidməti yerlərdə monitorinqlər aparır. Azərbaycanda donuzçuluqla məşğul olan fermalarda heyvanlar qapalı şəraitdə saxlanılır. Ölkədə virusun yayılması təhlükəsi yoxdur", - nazir bildirib.

Azərbaycanda "donuz qripi" virusunun yayılmaq təhlükəsi ilə bağlı olaraq dəmir yolu və hava limanı da daxil olmaqla, bütün nəqliyyat vasitələrində profilaktik tədbirlər gücləndirilib. Dünən Azərbaycanda Amerika qitəsindən bütün heyvandarlıq məhsullarının idxalına qadağa qoyulub. Profilaktika məqsədilə ölkənin bütün donuzçuluq təsərrüfatları sərt profilaktik iş rejiminə keçirilib.

"Donuz qripi" öldürücü virusdur. Yoluxma hava-damcı yolu ilə baş verir, virus mikroviruslar sinfinə aiddir, A (H1N1) növlüdür. İnsanların bu virusa yoluxması az ehtimal olunur, yoluxma hallarının əksəriyyəti heyvanlarla bilavasitə təmasda olan şəxslərdə qeydə alınır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti