Azərbaycan, Bakı, 29 may / Trend , müxbir K.Zərbalıyeva /
Ekspertlər hesab edirlər ki, Azərbaycanda məhkumların əməyə cəlb olunmasını təmin etmək məqsədilə cəzaçəkmə müəssisələrində istehsal sahələrinin yaradılması üçün Dövlət Proqramı hazırlanmalıdır.
"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin cümə günü Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi tədbirdə çıxış edən BDU-nun professoru Namiq Tağıyev bildirib ki, "Cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən istehsal sahələrinin işinin yeni şəraitə uyğunlaşdırılması" adlı tədqiqat layihəsi zamanı belə bir Dövlət Proqramının qəbuluna ehtiyac olduğu müəyyənləşib.
Tağıyev cəzaçəkmə müəssisələrindəki istehsalat sahələrini özündə birləşdirən İstehsalat Birliyinin də yaradılmasını zəruri hesab edib.
Birliyin sədri Kamil Səlimov qeyd edib ki, Azərbaycanda hər il orta hesabla 12 min insan azadlıqdan məhrumetmə cəzasına məhkum olunur.
Ümumi məhkumların isə 10-12 faizi işlə təmin olunub.
Səlimov bildirib ki, bir sıra dövlət orqanları (Müdafiə Nazirliyi, Təhsil Nazirliyi) bəzi məhsulların alınması üçün cəzaçəkmə müəssisələrinə sifariş verə bilər.
"Əsgər geyimləri, çarpayı, stol, stul, partalar, yatacaqlar və s. kimi məhsullar cəzaçəkmə müəssisələrində istehsal oluna bilər. Bu, xaricdən alınan məhsullardan ucuz və keyfiyyətli olar", - Birliyin sədri vurğulayıb.
O qeyd edib ki, "Tender haqqında" qanuna cəzaçəkmə müəssisələrinin tenderlərdə iştirakını təmin etmək məqsədilə dəyişikliklər olunmalıdır.
Tədqiqat zamanı müəyyən olunub ki, 1991-ci ildək cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən istehsalat müəssisələrində 2005-ci ilin qiymətləri ilə 104,5 milyon manat məbləğindən məhsul istehsal olunub, məhkumların 67,8 faizi əməyə cəlb olunub.
2006-cı ildə isə istehsal olunun məhsulun dəyəri 411,5 min manat, əməyə cəlb olunan məhkumların göstəricisi isə 7,5 faiz təşkil edib.
Tədqiqatın nəticələrinə görə, məhkumların əməyə cəlb olunmasına məhsul istehsalı ilə bağlı sifarişlərin olmaması, köhnədən qalan debitor və kreditor bprcların ləğv olunmaması, müəssisələrdəki avadanlıqların yararsız olması mane olur.
Səlimov qeyd edib ki, məhkumlar tərəfindən istehsal olunan malların bazara çıxarılması və cəzaçəkmə müəssisələrində sifarişlərin verilməsinə kömək məqsədilə hazırda həmin müəssisələrdə istehsal olunan məhsulların sərgisi təşkil olunmalıdır.
O, bu təkliflə aidiyyatı qurumlara müraciət etdiyini deyib. Həmçinin bu sahədəki qanunvericiliyə müvafiq dəyişikliklərin olunması ilə bağlı təkliflərini də qanunverici orqana göndərəcəklərini bildirib.
Birlik aparılan tədqiqatın nəticələri əsasında "Penitensir Xidmətin istehsal sahələri" adlı kitab nəşr etdirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]