Azərbaycan, Bakı, 29 may / Trend , müxbir C.Babayeva /
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə təhsil alan azərbaycanlı gəncləri diaspor hərəkatında fəal olmağa çağırıb.
"Türkiyədə və ya dünyanın hər hansı ölkəsində təhsil alan azərbaycanlı gənclər və məzunlar Azərbaycan həqiqətlərini dünyada yorulmadan təbliğ etməli, dövlətin mənafelərini hər zaman müdafiə etməlidirlər", - Diasporla İş üzrə Dövlət Komitəsinin birinci müavini Valeh Hacıyev Ankarada Türkiyə universitetlərini bu il bitirən azərbaycanlı məzunlarla görüşdə bildirib.
Azərbaycanın Türkiyədəki səfirliyində Türkiyə universitetlərini bu il bitirən azərbaycanlı məzunlarla görüş keçirilib. Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov, Türkiyə Təhsil Nazirliyinin və diaspor təşkilatlarının nümayəndələri qatılıblar, cümə günü Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.
Azərbaycanlı məzunlar dünyanın hansı yerində yaşamalarından asılı olmayaraq, hər zaman Azərbaycan diasporunun güclənməsi məqsədilə çalışacaqlarına, diasporumuzun ən aktiv üzvləri olacaqlarına, Azərbaycan dövlətinin və azərbaycançılıq ideyasının ətrafında sıx birləşəcəklərinə söz veriblər.
Trend -un arayışı: "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı"na əsasən, dünyanın 17 ölkəsinin 81 nüfuzlu ali məktəbində 186 Azərbaycan gənci təhsilini davam etdirir. Onların təhsili üçün dövlət tərəfindən indiyədək 3,5 milyon manat vəsait xərclənib. Artıq bu proqram üzrə 7 gənc magistratura təhsilini başa vurub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]