Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir C.Babayeva /
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) qanunsuz meşə qırıntıları ilə bağlı nazirliyin 3 əməkdaşını tutduqları vəzifədən azad edib.
Nazirliyin Meşələrin İnkişafı Departamentinin mütəxəssisləri tərəfindən 2009-cu il may ayının 18-dən 23-dək nazirliyə daxil olmuş ərizə-şikayətlərlə bağlı 3 Meşə Mühafizəsi və Bərpası Müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı 3009,85 manat köküstə nırx dəyərində 631,62 m3 həcmində 624 ədəd qanunsuz qırıntı aşkar edilərək sənədləşdirilmiş və qanuna müvafiq tədbirlər görülüb. Onlardan 2890,39 manat köküstə nırx dəyərində 603,88 m3-i Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsində (MMBM) aşkar edilib, həmin müəssisənin 6 nəfər rəhbər və meşə mühafizə işçiləri barəsində müxtəlif intizam tənbeh tədbirləri görülüb. 3 nəfər tutduqları vəzifədən azad edilib, cümə günü Trend -a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Eyni zamanda "Yerli meşə materiallarından qanunsuz istifadənin qanunauyğunluğunun araşdırılmasına dair komissiya"nın üzvləri tərəfindən keçirilən yoxlama zamanı Bakı, İsmayıllı, Şəmkir və Qubada ümumilikdə 16,8 m3 həcmində qanunsuz daşınan işlik (yararlı) meşə materialı, habelə 1190 kq ağac kömürü saxlanılıb. Komissiyanın üzvləri tərəfindən saxlanılmış materiallar qanunsuz istifadə olunduğuna görə 3904,22 manat həcmində ziyan hesablanaraq sənədləşdirilib və qanuna müvafiq tədbirlər görülüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]