...

Naxçıvan MR-də ilkin səhiyyə xidməti işçiləri üçün vərəmlə mübarizəyə dair treninq-seminar keçirilib

Cəmiyyət Materials 29 İyun 2009 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun  / Trend , müxbir C.Babayeva /

Naxçıvan MR-də ilkin səhiyyə xidməti işçilərinin vərəmə nəzarət prosesinə cəlb olunması sahəsində iki günlük regional treninq-seminar keçirilib. Treninq-seminarda Naxçıvan MR-in müxtəlif rayonlarının səhiyyə xidməti müəssisələrindən olan 60 nəfər tibb işçisi iştirak edib.

Treninqi giriş sözü ilə açan Naxçıvan MR səhiyyə nazirinin müavini Valid Kazımov vərəmlə mübarizə sahəsində Muxtar Respublikada görülən əhəmiyyətli işlərdən və bu istiqamətdə ilkin səhiyyə xidmətinin rolundan danışıb. Nazir müavini bölgədə inşa və bərpa edilən yeni səhiyyə obyektləri ilə yanaşı tibb işçilərinin vərəmlə mübarizə sahəsində bilik və bacarıqlarının artırılması, həmçinin vərəmin DOTS strategiyası ilə müalicəsinin vacibliyini xüsusi vurğulayaraq bu istiqamətdə Qlobal Fondun maliyyə dəstəyi ilə icra edilən vərəmlə mübarizə layihəsinin Muxtar Respublikadakı fəaliyyətini yüksək qiymətləndirib.

Sonra söz treninq-seminarı davam etdirmək üçün Bakı şəhəri 1 saylı vərəm dispanserinin baş həkimi, professor Yavər Şıxəliyevə verilib. O, ölkədə həyata keçirilən Milli Vərəm Proqramının məqsəd və vəzifələri haqda məlumat verdikdən sonra ilkin səhiyyə xidmətinin vərəmlə mübarizədəki vacib rolundan danışıb. Bundan sonra 4 saylı vərəm dispanserinin baş həkimi Sədaqət Vəliyevaya və ETACXİ-nin şöbə müdiri Əziz Musayev mövzunu davam etdirərək ilkin səhiyyə müəssisələrində vərəm infeksiyasına nəzarət və tuberkulinodiaqnostika haqda ətraflı çıxış ediblər. Seminarda təlimatçı ekspert qismində iştirak edən mütəxəssislər arasında ETACXİ-nin nümayəndəsi, Milli Vərəm Proqramının direktor əvəzi Natəvan Əlixanova və Qlobal Fondun maliyyə dəstəyi ilə həyata keçirilən vərəmlə mübarizə layihəsinin koordinatoru Xuraman Həsənova da olub.

İki günlük treninq-seminarın sonuncu günü Naxçıvan şəhər vərəm dispanserinin baş həkimi İlqar Rzayevin və qonaqların iştirakı ilə seminar iştirakları sertifikatlarla təltif edilib. Bundan əlavə, bütün iştirakçılara vərəmlə mübarizədə ilkin səhiyyə xidməti müəssisələrinin fəaliyyətinə rəhbərlik haqda metodik vəsait də paylanıb.

Azərbaycanda Qlobal Fondun Səhiyyə Nazirliyi ilə ilk əməkdaşlığı AİDS komponenti üzrə 2005-ci ildə "Azərbaycanda HİV/AİDS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi" layihəsi ilə başlanıb. Vərəm layihəsi üzrə əməkdaşlıq isə 1 oktyabr 2006-cı il tarixinə təsadüf edir. Məhz həmin ildən "Milli Vərəmlə Mübarizə Proqramının idarə edilməsi və əlaqələndirilməsinin təkmilləşdirilməsi, İlk Tibbi Yardım xidmətinin vərəmlə mübarizəyə cəlb edilməsi, vərəmin dərmanlara qarşı davamlılığının öhdəsindən gəlinməsi və geniş əhali qrupları arasında yoluxma təhlükəsinin azaldılması vasitəsilə DOTS çərçivəsinin gücləndirilməsi və genişləndirilməsi" adlı layihənin icrasına start verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti