...

Azərbaycan Prokurorluğu baş redaktorun ölüm faktını araşdırır

Cəmiyyət Materials 19 Avqust 2009 12:43 (UTC +04:00)
Ədliyyə nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Mehman Sadıqov çərşənbə günü Trend News-a bildirib ki, baş redaktor Novruzəli Məmmədovun ölüm faktı ilə bağlı Əzizbəyov rayon Prokurorluğu araşdırmaya başlayıb.
Azərbaycan Prokurorluğu baş redaktorun ölüm faktını araşdırır

Azərbaycan, Bakı, 19 avqust  / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycan Prokurorluğu İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılan, 10 il həbs cəzası almış "Tolışi sədo" qəzetinin sabiq baş redaktorunun ölüm faktı ilə bağlı araşdırma aparır.

Ədliyyə nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Mehman Sadıqov çərşənbə günü Trend -a bildirib ki, baş redaktor Novruzəli Məmmədovun ölüm faktı ilə bağlı Nizami rayon Prokurorluğu araşdırmaya başlayıb.

Trend -un arayışı: "Tolişi Sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümü müstəqil araşdırılmalıdır. Bu çağırışla Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) çıxış edib.

İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılan, 10 il həbs cəzası almış Məmmədov avqustun 17-də Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat edib. İlkin rəydə onun baş beyin damarlarının kəskin trambozundan öldüyü bildirilir.

"Biz Novruzəli Məmmədovun həbsdə lazımi tibbi müalicə almaması barədə məlumatlardan bərk narahatıq, onun ölümünə də məhz bu səbəb ola bilər", - bunu JMK-nın Avropa və Orta Asiya Proqramının koordinatoru Nİna Oqnianova deyir. "Biz Azərbaycan hakimiyyətini meyitin yarılmasının nəticələrini dərhal ictimaiyyətə açıqlamağa çağırırıq". Məmmədovun vəkili Ramiz Məmmədov JMK-ya bildirib ki, son aylar mərhumun səhhəti kəskin pisləşib, ancaq o, uyğun müalicə almayıb. Digər beynəlxalq hüquq müdafiə təşkilatları da "Tolişi Sədo" qəzetinin baş redaktoru Məmmədovun ölümündən narahatlığını bildiriblər.

Londondakı Amnesty İnternational təşkilatı həbsdə Məmmədovla pis davranılması, ona su və yemək verilməməsi barədə məlumat verib.

Beynəlxalq təşkilatlar isə baş redaktorun ölümünü həbsdə lazımi tibbi müalicə almaması ilə əlaqələndirirlər.

Ədliyyə Nazirliyinin Səhiyyə Baş İdarəsinin rəisi Rəfael Mehdiyev isə Trend -a bildirib ki, Məmmədov Müalicə Müəssisəsində xəstəliyinə uyğun tam müalicə alıb. İdarənin rəisi bildirib ki, onun müayinəsinə respublikanın aparıcı tibb müəssisələrinin bir neçə mütəxəssisi cəlb edilib.

"Məmmədovun səhhəti avqustun 17-də saat 15.00 radələrində qəflətən kəskin pisləşib. Onun müayinəsinə bizim mütəxəssislərlə yanaşı, respublikanın aparıcı həkim-reanimatoloqları cəlb olunub. Baş redaktor baş beyin damarlarının kəskin trambozundan ölüb. Bu barədə məhkəmə-tibb ekspertizası da ilkin rəy verib", - deyə Mehdiyev vurğulayıb.

Baş redaktor bu il iyulun 28-də 15 saylı cəzaçəkmə müəssisəsindən müalicə müəssisəsinin nevrologiya şöbəsinə köçürülüb. Aparılan müayinələr zamanı Məmmədovda boyun və bel fəqərələrinin osteoxondrozu, sağ tərəfli pleksit, hipertoniya xəstəliyinin tədricən proqressivləşən gedişli ikinci mərhələ, kəskin obstruktiv bronxitin qalıq əlamətləri, xroniki xolesistit, başlanğıç katarakta, şüşəvari cismin destruksiyası, hipertonik angioskleroz, düyünlü toksik zob xəstəliyinin birinci mərhələsi, prostat vəzin adenoması xəstəlikləri müəyyən edilib.

68 yaşlı Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda şöbə müdiri işləyib. O, Talış Mədəniyyət Mərkəzinə də rəhbərlik edirdi. 2008-ci ildə Cinayət Məcəlləsinin dövlətə xəyanət (274) və milli, irqi, dini düşmənçiliyi yayma (283-cü) maddələri ilə ittiham olunan Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti