Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində yaradılmış xüsusi komissiya milli soyad formatının müəyyən edilməsi üçün araşdırmalar aparır.
"Müxtəlif elm sahələri üzrə mütəxəssislərin təmsil olunduğu komissiya həm ad, həm də soyadlarla bağlı geniş profilli araşdırmalar aparır. Dövlət də bu işə nəzarət edir. Komissiya Azərbaycanda tarixən mövcud olmuş soyad formaları, ad qoyma ənənələrini öyrənib milli soyad formatı təklif edəcək ", - bazar ertəsi Trend -a Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov məlumat verib.
Trend -un arayışı: Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında 1993-cü ildə qəbul olunan qanuna əsasən, ölkə vətəndaşları "-ov", "-yev" sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "-zadə", "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Qanunda göstərilib ki, ölkə vətəndaşları soyadların sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək hüquqi əhəmiyyəti olan bütün sənədlərdə soyadlarının yeni ifadə formalarını işlədə bilərlər və soyadların sonluqlarının dəyişdirilməsi ilə əlaqədar yeni hüquqi sənədlərin verilməsi üçün rüsum tutulmur.
Cəfərovun sözlərinə görə, komissiyanın araşdırmalarının bir-iki aydan sonra başa çatacağı gözlənilir. "Komissiyanın müəyyən edəcəyi milli soyad şəkilçisi ilk növbədə yeni doğulan uşaqlara aid ediləcək", - millət vəkili bildirib.
Parlamentin komitə sədri soyadların milliləşdirilməsinin qəti tərəfdarı olduğunu bildirib. "Soyadı dəyişmək uzun və ağır prosesdir. Formalaşmış imzası olan şəxslərin soyadlarının dəyişdirilməsi üçün çoxlu sayda sənədlər dəyişdirilməli, qurum və təşkilatlardan icazə alınmalıdır", - Cəfərov deyib.
Millət vəkilinin sözlərinə görə, ölkədə milli soyad şəkilçisi müəyyən ediləndən sonra bütün yaş kateqoriyasından olan şəxslər soyad sonluqlarını dəyişdirə biləcək. "Bugünkü qanunlar da buna imkan verir. Milli soyad formatını qəbul etmək üçün heç bir maneə olmayacaq. Bu gün soyadların milliləşdirilməsi üçün müəyyən maneələrin olduğunu bilirik. Hökumət bununla bağlı qərar qəbul edəndən sonra bununla bağlı heç bir problem olmayacaq", - Cəfərov bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]