Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir T.Cəfərov /
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Azərbaycanda məscidlərin sökülməsinin əleyhinədir.
"Məscidlərin tikilməsi və ya sökülməsi mənim səlahiyətimdə deyil, ancaq onların sökülməsi dəfələrlə mənim tərəfimdən pislənilib. Mən bunun əleyhinəyəm və bunu dəfələrlə demişəm, bundan sonra da əleyhinə olacam. Bu, mənim əqidəmin əmridir", - Trend -un məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
Trend -un arayışı: Bir neçə gün öncə 2 saylı yerli İqtisad Məhkəməsi Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında rayon ərazisindəki Yeni Günəşli qəsəbəsi V massivi 33 ünvanında yerləşən "Fatmeyi Zəhra" məscidinin sökülməsi və dini icmanın həmin ərazidən çıxarılması ilə bağlı qətnamə qəbul edib. Son bir ildə Bakıda qanunsuz tikildiyi əsas gətirilərək Məhəmməd Peyğəmbər məscidi, Neft Daşlarındakı məscid sökülüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]