Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir M.Əliyev/
Ombudsman Azərbaycanda digər ölkələrlə müqayisədə məhkumların sayının ilbəil azaldığını bildirib.
Trend -un məlumatına görə, Azərbaycan Prezidentinin Novruz Bayramı münasibətilə imzaladığı əfv fərmanının icrası ilə əlaqədar cümə axşamı keçirilən tədbirdə ombudsman Elmira Süleymanova bildirib ki, qısa zamanda 9 əfv fərmanının imzalanması Azərbaycanda hər bir insanın dövlət üçün nə qədər gərəkli olmasının göstəricisidir.
"Bu insanların azadlıqları məhdudlaşdırılsa da, onların digər hüquqları qorunur və hər biri dövlət üçün olduqca gərəklidir", - Süleymanova vurğulayıb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əfv fərmanının icrası ilə bağlı tədbirlərə başlayıb və fərmanın icrası bu gün başa çatacaq.
Prezidentin dünən imzaladığı sayca 47-ci əfv fərmanı ilə azadlıqdan məhrum edilmiş 62, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7 məhkum cəzalarının çəkilməmiş hissələrindən azad edilib.
Ömürlük azadlıqdan məhrum edilmiş bir məhkumun cəzası 20 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib, bir nəfər cərimə cəzasından azad olunub.
Azadlıqdan məhrum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir qadın məhkum da cəzadan azad edilib.
1994-cü ildən indiyədək imzalanmış 47 əfv fərmanı ilə 5029 şəxs cəzadan azad edilib. Fərmanların 15-i İlham Əliyev, 32-si isə mərhum prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 Amnistiya Aktı 40 min məhkuma şamil olunub.