Azərbaycan, Bakı, 28 aprel /Trend , müxbir T.Hacıyev/
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş məktəblilər arasında "Ana - müqəddəslik zirvəsi" mövzusunda inşa müsabiqəsinin qalibləri çərşənbə günü elan edilib.
Bu məqsədlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Hökumət evində tədbir keçirib. Komitənin sədri Hicran Hüseynova çıxışında Zərifə Əliyevanın həyat və fəaliyyəti, elmi nailiyyətləri barədə məlumat verib.
"Zərifə xanım həm gözəl həkim, həm də gözəl ailə başçısı idi. Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Zərifə xanımın ənənələrini davam etdirir. Zərifə xanım böyük şəxsiyyət kimi Azərbaycan tarixində qalacaq", - komitə sədri əlavə edib.
İnşa müsabiqəsinə 55 yazı təqdim olunub. Komitə sədri müsabiqənin 11 qalibinin müəyyən edildiyini vurğulayıb.
Birinci yeri Suraxanı rayonu V. Mirzəliyev adına 281 saylı orta məktəbin şagirdi Aygün Allahverdiyeva, ikinci yeri Xətai rayonu 147 saylı texniki humanitar liseyin şagirdi Ayan Qəlbinur, üçüncü yeri Yasamal rayonu Z. Əliyeva adına məktəbin şagirdi Şövkətxanım Quluzadə tutub. Qaliblərə xüsusi diplomlar və müxtəlif hədiyyələr təqdim olunub.
Birinci yeri tutan şəxsə diplomla yanaşı, noutbook hədiyyə edilib.
Ombudsman Elmira Süleymanova Zərifə Əliyevanın şəxsiyyət zirvəsini fəth etmiş qadın olduğunu deyib.
"Hər kəs dünyaya insan kimi göz açır, lakin şəxsiyyət zirvəsinə yüksəlmək hər adama qismət olmur. Onun həyatı nəsillər üçün örnək olacaq. Onun prioritetlərindən biri də uşaq və gənclər olub",- ombudsman əlavə edib.