Azərbaycan, Bakı, 17 may /Trend, müxbir K.Zərbalıyeva/
Gürcüstanda bir neçə azərbaycandilli məktəblərin futbol komandaları idman geyimləri və toplarla təmin olunub. Bunu Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə təşkil edilən gənclərlə görüşdə iştirak edən Azərbaycan - Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva deyib.
Millət vəkili bildirib ki, Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin bununla bağlı ona ünvanlanmış xahişini AFFA rəhbərliyinə çatdırıb. AFFA bu təşəbbüsü dəstəkləyib. İlkin mərhələdə 10 məktəbin futbol komandasının geyim və futbol topları, 20 məktəbin isə futbol topları ilə təmin olunmasına qərar verilib.
"Bu cür layihələr Prezident İlham Əliyevin soydaşlarımıza qayğısı və dəstəyinin nəticəsidir. Gənclərimiz Gürcüstanda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə təhsil, mədəniyyət və humanitar sahələrdə həyata keçirilən layihələrdən yararlanaraq, daha savadlı, daha sağlam, mədəniyyətimizə sahib, inkişaf edən bir şəxs kimi yetişməlidirlər".
Millət vəkili, AFFA-nın vitse-prezidenti Rauf Əliyev bildirib ki, onların Gürcüstanda yaşayan soydaşlarımıza idmanın inkişafı istiqamətindəki dəstəkləri davam edəcək. Yaxın gələcəkdə digər məktəblərə də bu istiqamətdə dəstək göstəriləcək.
Millət vəkili Sabir Hacıyev də Gürcüstanda azərbaycanlı gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü deyib və bildirib ki, gənclər daha yaxşı təhsil almalı, ana dili ilə yanaşı gürcü dilini öyrənməli, mədəniyyətimizin qorunması və inkişafı istiqamətində çox çalışmalıdırlar.
Tədbirin sonunda məktəblərə idman geyimləri və futbol topları hədiyyə edilib.