...

Azərbaycan hökuməti formal təhsilin təşkili qaydalarını təsdiq edib

Cəmiyyət Materials 17 Avqust 2010 10:44 (UTC +04:00)
Nazirlər Kabinetinin internet-saytının çərşənbə axşamı yaydığı məlumata görə, qaydalar "Təhsil haqqında" Qanuna əsasən hazırlanıb və formal təhsilin təşkili məsələlərini tənzimləyir.
Azərbaycan hökuməti formal təhsilin təşkili qaydalarını təsdiq edib

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan hökuməti "Formal təhsilin təşkili qaydaları"nı təsdiq edib.

Nazirlər Kabinetinin internet-saytının çərşənbə axşamı yaydığı məlumata görə, qaydalar "Təhsil haqqında" Qanuna əsasən hazırlanıb və formal təhsilin təşkili məsələlərini tənzimləyir.

Qaydalara görə, formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır.

Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.

Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir.

Ümumi təhsil pilləsində qanunvericiliyə uyğun təşkil edilən şagirdlərin evdə təhsili və fərdi təhsili də formal təhsil hesab edilir.

Evdə təhsil, fərdi təhsil və sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsili yalnız əyani formada təşkil olunur.

Formal təhsil ümumi, ilk peşə-ixtisas, orta ixtisas, ali və əlavə təhsil müəssisələrində həyata keçirilir.

Formal təhsil Nazirlər Kabineti tərəfindən təsdiq edilən müvafiq dövlət təhsil standartlarına uyğun hazırlanmış təhsil proqramları (kurikulumları) əsasında təşkil olunur.

Formal təhsilin təhsilalma formaları üzrə müddəti təhsil proqramları (kurikulumları) ilə müəyyən edilir.

Sərbəst (eksternat) təhsilalma forması üçün təhsil proqramı (kurikulumu) müvafiq təhsil səviyyəsi üzrə əyani təhsilalma formasının təhsil proqramı (kurikulumu) hesab olunur.

Xəbər lenti

Xəbər lenti