...

Türkiyədə İslam Konfransı Təşkilatına üzv ölkələrin nazirləri bir araya gəlib

Cəmiyyət Materials 7 Sentyabr 2010 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir T.Hacıyev/

Qurani-Kərimin nazil olmasının 1400 illiyi münasibətilə müsəlman ölkələrinin dini işlər nazirləri Türkiyədə bir araya gəlib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda qeyd olunub ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın himayədarlığı və iştirakı ilə keçirilən görüşə bu ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, İKT-nin baş katibi Ekmələddin İhsanoğlu, İSESKO-nun baş direktoru Əbdüləziz Ət-Tüveycri, İKT-yə üzv ölkələrin dini işlər nazirləri və digər rəsmi şəxsləri, islam dünyasının nüfuzlu din xadimləri, tanınmış islamşünaslar və ilahiyyatçılarla yanaşı, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov da iştirak edib.

Tədbirdə çıxışı zamanı Orucov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi varisi kimi Prezident İlham Əliyevin islam dininə və Qurani-Kərimə yüksək münasibətini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Dövlət Komitəsinin sədri müqəddəs kitabımızın müsəlmanların və islam dünyasının birliyi və həmrəyliyi baxımından böyük önəm daşıdığını qeyd edib. "Elm və texnikanın sürətli inkişaf etməsinə, qloballaşma prosesinin dərinləşməsinə baxmayaraq, hələ də müsəlmanlar arasında nifaq toxumu səpilir, məzhəb və təriqət ayrı-seçkiliyi edilir, islam dininin həmrəylik və humanizm ideyalarına kölgə salınır. Təəssüf ki, müəyyən vaxtlarda bu cür hallar islam dünyasının daxilində gedən proseslərdən, hətta bəzən müsəlmanların özlərindən qaynaqlanır", - Orucov deyib.

O qeyd edib ki, belə problemlərin yaranmasının əsas səbəblərindən biri islam dininin, xüsusilə də Qurani-Kərimin mahiyyətini, bəşəri prinsiplərini düzgün anlayıb insanlara doğru təbliğ edilməməsidir.

"Bu baxımdan Qurani-Kərimin düzgün təbliğ edilməsi, ümumiyyətlə, islami maarifləndirmə işinin doğru və sağlam qaynaqlar vasitəsilə aparılması təkcə müsəlmanlar arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması, həmrəylik və birlik hissinin gücləndirilməsi deyil, həm də dünyada İslamla bağlı həqiqətlərin yayılması, bu dinə qarşı olan mənfi fikirlərin aradan qaldırılması baxımından böyük əhəmiyyət daşıyır", - Orucov bildirib.

Komitə sədri müsəlman ölkələrinin dini problemlərdən əlavə, islam dünyasında mövcud münaqişələrin həlli istiqamətində də səylərini gücləndirmələrinin, təcavüzə məruz qalmış din qardaşlarını müdafiə etmələrinin zəruriliyini bildirib. "Qurani-Kərimin müsəlmanların üzərinə qoyduğu mənəvi borcdur. Buna görə də islam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycana qarşı təcavüzkar Ermənistanın dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparması, bir milyondan artıq soydaşımızın məcburi köçkün həyatı yaşaması, eləcə də tarixi-dini abidələrimizin - məscidlərin, ziyarətgahların, türbələrin və digər mədəniyyət nümunələrimizin erməni vandalizminin qurbanına çevrilməsi yalnız Azərbaycanı deyil, beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, xüsusilə də qardaş müsəlman ölkələrini yaxından düşündürməli və təxirəsalınmaz tədbirlər görülməlidir", - Orucov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti