...

"Bakı Tikiş Evi" ASC-də istehsal olunan məktəbli geyimləri üzrə yoxlamaların ilkin nəticələri açıqlanıb

Cəmiyyət Materials 21 Sentyabr 2010 12:00 (UTC +04:00)
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Bakı Tikiş Evi" ASC-də istehsal olunan məktəbli geyimləri üzrə yoxlamaların ilkin nəticələrini açıqlayıb.
"Bakı Tikiş Evi" ASC-də istehsal olunan məktəbli geyimləri üzrə yoxlamaların ilkin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Bakı Tikiş Evi" ASC-də istehsal olunan məktəbli geyimləri üzrə yoxlamaların ilkin nəticələrini açıqlayıb.

Komitənin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, qurumun 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları "Bakı Tikiş Evi" ASC-də istehsal olunan məktəbyaşlı uşaqlar üçün tikilən üst geyimlərinin standartların tələblərinə, keyfiyyət və təhlükəsizliyinə uyğunluğunu yoxlamaq üçün dövlət nəzarəti planı əsasında araşdırma aparıblar. Araşdırma zamanı müəyyən olunub ki, müəssisə məktəbyaşlı oğlan və qızlar üçün üst geyimləri istehsalında tələb olunan normativ sənədlərin bir qismi ilə təmin edilib.

Belə ki, üst geyimlərinin istehsalı üçün müəssisə tərəfindən "Məktəbli oğlan və qızlar üçün kostyum" adlı texniki təsvir sənədi hazırlanıb, Azərbaycan Valideynlər Assosiasiyasının razılığı əsasında qəbul edilib. Texniki təsvirlərdə standartın tələblərinə uyğun olaraq, məktəbli geyimlərinin siluetləri, formaları, həmçinin, tərkibi haqqında məlumatlar əks olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Məhsulların sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında" 343 saylı Qərarına əsasən, uşaq geyimləri məcburi sertifikatlaşdırılmalı mallar sırasında olduğu üçün, "Bakı Tikiş Evi" ASC tərəfindən istehsal olunan məktəbli geyimlərinin sertifikatlaşdırılması məqsədilə komitənin 1 saylı Ərazi Sınaq və Sertifikatlaşdırma İdarəsinə müraciət edilib. Hazırda məktəbli geyimlərinin tərkibi, təhlükəsizliyi və digər parametrləri üzrə ГОСТ 25294-2003 "Məktəbyaşlı oğlan və qızlar üçün üst geyimləri" standartı əsasında komitənin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) analizləri aparılır. Analizlərin nəticələrindən asılı olaraq, geyimlərin sertifikatlaşdırılma məsələsinə baxılacaq.

Bundan başqa, müəssisə "Məktəbli forması" adlı texniki şərt hazırlanmasını öhdəsinə götürüb.

Xəbər lenti

Xəbər lenti