RED. əlavəsi: şəkillər əlavə olunub
Argentinanın paytaxtı Buenos-Ayresdə İnformasiya Agentliklərinin 3-cü Ümumdünya Konqresi öz işinə başlayıb. Konqresin işində bütün dünyadan 76 informasiya agentliyindən 166 rəhbər və nümayəndə iştirak edir.
Forumun işində Azərbaycanın Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) beynəlxalq əməkdaşlıq üzrə direktoru Elçin Hüseynov iştirak edir.
BMT və YUNESKO-nun tərəfdaşlığı ilə forumun təşkili və maliyyələşdirilməsi Argentinanın Telam Dövlət Agentliyinə həvalə olunub.
Konqresin "Şeraton" mehmanxanasında təntənəli açılışında Argentina Prezidenti xanım Kristina Fernandes de Kirşner çıxış edərək KİV-i dünyada baş verən hadisələrin işıqlandırılmasına daha çox məsuliyyətlə yanaşmağa çağırıb.
Çərşənbə günü forum iştirakçıları öz işlərini Argentina paytaxtından 1,5 min kilometr cənub-qərbdə yerləşən San-Karlos-de-Bariloçe şəhərində davam etdirəcəklər.
Dünya informasiya bazarının liderləri müasir texnologiyaların operativ və doğru informasiyaların yayılmasında rolunu və müəllif hüquqları prinsiplərinə riayət olunması problemlərini müzakirə etmək niyyətindədirlər. Bundan başqa, jurnalistlərin qabaqcıl multimedia vasitələrində təhsili mövzusuna da toxunulacaq. Konqres çərçivəsində dörd kateqoriyada - maliyyə böhranı, bayramlar, fəlakətlər və idman hadisələri üzrə beynəlxalq fotoşəkil müsabiqəsi də keçiriləcək.
İlk belə konqres 2004-cü ildə Moskvada RF-nin o zamankı prezidenti Vladimir Putinin iştirakı ilə keçirilib. RİA Novosti-nin yazdığına görə, üç ildən sonra forumu İspaniya Kralı I Xuan Karlos Esteponedə açıb.
İnformasiya Agentliklərinin 3-cü Ümumdünya Konqresi öz işini cümə günü başa vuracaq.