...

Azərbaycanın millət vəkili Qənirə Paşayevanın Mustafa Kamal Atatürk haqqında yazdığı kitabın təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 10 Noyabr 2010 19:50 (UTC +04:00)
Azərbaycanın millət vəkili Qənirə Paşayevanın Mustafa Kamal Atatürk haqqında yazdığı "Dünyanın itirdiyi insan" adlı kitabın təqdimatı keçirilib.
Azərbaycanın millət vəkili Qənirə Paşayevanın Mustafa Kamal Atatürk haqqında yazdığı kitabın təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın millət vəkili Qənirə Paşayevanın Mustafa Kamal Atatürk haqqında yazdığı "Dünyanın itirdiyi böyük  insan" adlı kitabın təqdimatı keçirilib. Trend-in məlumatına görə, Xəzər Universitetində baş tutan təqdimat mərasimində millət vəkilləri, Türkiyə səfirliyinin, Şimali Kiprin Azərbaycandakı nümayəndəliyinin, Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TUSİAB), Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA), qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimini Xəzər Universitetinin təsisçisi-qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq Atatürkün keçdiyi ömür yolundan söz açıb. O, 10 noyabr tarixinin Atatürkün anım günü olduğunu qeyd edib, millət vəkili Paşayevanın təşəbbüsü ilə universitetdə kitab təqdimatı ilə yanaşı, anım gününün də keçirildiyini vurğulayıb.

Öz növbəsində millət vəkili Paşayeva onu belə bir kitabı yazmağa ruhlandıran cəhətlərdən söz açıb. "Biz öz qəhrəmanlarımızı sevirik, ancaq çox vaxt onları yaxından tanımırıq. Azərbaycanda Atatürk haqqında ziyalıların oxuyub anlaya biləcəyi kitablar çoxdur, lakin bütün insanların oxuya biləcəyi, oxumağa həvəs göstərəcəyi kitablar azdır. Bu kitabın yazılmasında əsas məqsəd vətəndaşlarımıza Atatürkü sadə, hər bir insanın anlayacağı bir dildə tanıtmaqdır", - Paşayeva deyib.

Sonra xanım Paşayeva Atatürkün Türk dünyası və ümumilikdə bəşəriyyət qarşısında göstərdiyi xidmətlərdən danışıb. O qeyd edib ki, Atatürk Osmanlı dövlətinin dağılması ərəfəsində Türkiyəni qoruyaraq dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirməyi bacardı.

"Sonra da Hindistan azadlıq hərəkatının, Pakistan azadlıq hərəkatlarının rəhbərləri öz fəaliyyətlərində məhz Atatürkdən ilham aldıqlarını deyiblər. O, ümumilikdə şərq dünyasında istiqlal ənənələrinin əsasını qoyub", - millət vəkili qeyd edib.

Xanım Paşayeva Atatürkün qadınlara verdiyi hüquqlardan da söz açıb. "1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə qadınlara seçmək və seçilmək hüququ verilmişdi. Lakin AXC-nin 1920-ci ildəki süqutundan sonra demokratik türk dövləti yox idi. Atatürk həmin ənənələri yenidən bərpa etdi", - Paşayeva vurğulayıb.

Millət vəkili Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də Atatürk haqqındakı fikirlərindən danışıb. Ümummilli lider Heydər Əliyevin Atatürkə yüksək qiymət verdiyini deyib.

Xanım Paşayeva daha sonra bildirib ki, Atatürkün türk gəncliyinə xitabən dediyi sözlər dünən də aktual idi, bu gün də aktualdır və gələcəkdə də aktual olacaq, yaşayacaq.

Xalq şairi Zəlimxan Yaqub da öz növbəsində Türk dünyası qarşısında Atatürkün xidmətlərindən söz açıb. O qeyd edib ki, dünyanın bir çox dahi şəxsiyyətləri Atatürkü özündən böyük hesab edib.

Tədbirdə çıxış edən Türkiyə səfirliyinin nümayəndələri və digər qonaqlar Atatürkü müstəqil Azərbaycanda anmaqdan qurur duyduqlarını söyləyiblər. Millət vəkili Qənirə Paşayevaya bu təşəbbüsünə görə minnətdarlıq ifadə ediblər.

"Dünyanın itirdiyi böyük insan" kitabı Qənirə Paşayevanın oxucularla altıncı görüşüdür. Kitab millət vəkilinin indiyə qədər müxtəlif mətbu orqanlarda dərc olunmuş Atatürk haqqındakı silsilə məqalələri əsasında hazırlanıb və TUSİAB-ın dəstəyi ilə nəşr olunub.

Xəbər lenti

Xəbər lenti