...

Azərbaycan deputatı insan alverinə qarşı Beynəlxalq forumda iştirak edəcək

Cəmiyyət Materials 8 Dekabr 2010 13:02 (UTC +04:00)
Milli Məclisin deputatı Qənirə Paşayeva dekabrın 8-dən 17-dək Misirin Luksor şəhərində keçiriləcək insan alverinə qarşı Beynəlxalq forumda iştirak edəcək.

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin deputatı Qənirə Paşayeva dekabrın 8-dən 17-dək Misirin Luksor şəhərində keçiriləcək insan alverinə qarşı Beynəlxalq forumda iştirak edəcək. Bu barədə Milli Məclisin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatda bildirilir.

Misirin birinci xanımı Suzan Mübarəklə BMT-nin baş katibi Pan Gi Munun rəhbərlik edəcəyi tədbir Palermo Konvensiyasının 10 illiyinə həsr olunub. Tədbirə dünyanın bir sıra nüfuzlu siyasi xadimləri, o cümlədən ABŞ-ın dövlət katibi Hillari Klinton da qatılacaq.

Əsas məqsədi transmilli cinayətkarlığa, insanların, xüsusilə də qadın və uşaqların təcavüzə və alverə məruz qalmasına qarşı mübarizənin dəstəklənməsi olan forumda Qənirə Paşayeva çıxış edərək mövqeyini bildirəcək.

Forumdan sonra azərbaycanlı deputat Misir senatının üzvü İsmayıl Seragəldinin dəvətinə əsasən dünyanın ən qədim kitabxanalarından olan İsgəndəriyyə kitabxanasını ziyarət edəcək, İsgəndəriyyə Universitetində görüşlər keçirəcək.

Paşayeva Misirin paytaxtı Qahirədə də bir sıra tədbirlərdə iştirak edəcək. Görüşlərdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsindən qaynaqlanan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında söhbət açılacaq. Hər üç şəhərdə deputatın iştirak etdiyi tədbirlərdə Dağlıq Qarabağ həqiqətlərini əks etdirən materiallar, kitablar və videofilmlər yayılacaq.

Xəbər lenti

Xəbər lenti