...

Kiyevdə Avropa və Asiya KİV-lərinin forumunda erməni təxribatının qarşısı alınıb

Cəmiyyət Materials 9 Dekabr 2010 11:26 (UTC +04:00)
"RİA Novosti" informasiya agentliyi çəşənbə günü Kiyevdəki sərgidən erməni fotoqraf Ruben Baqdasaryanın Azərbaycanla bağlı yalan məlumatı əks etdirən fotoşəkillərini yığışdırıb. Agentlik, həmçinin azərbaycanlı nümayəndələrdən üzr istəyib.
Kiyevdə Avropa və Asiya KİV-lərinin forumunda erməni təxribatının qarşısı alınıb

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

"RİA Novosti" informasiya agentliyi çəşənbə günü Kiyevdəki sərgidən erməni fotoqraf Ruben Baqdasaryanın Azərbaycanla bağlı yalan məlumatı əks etdirən fotoşəkillərini yığışdırıb. Agentlik, həmçinin azərbaycanlı nümayəndələrdən üzr istəyib.

MDB ölkələri fotoqraflarının işlərinin təqdim olunduğu sərgi "RİA Novosti" agentliyinin keçirdiyi Avropa və Asiya kütləvi informasiya vasitələrinin forumu çərçivəsində təşkil olunub. Forum öz işinə çərşənbə günü Kiyevdə başlayıb.

Baqdasaryana məxsus iki fotoşəkildə hazırda Ermənistanın işğalı altında olan Azərbaycanın Ağdərə rayonu (keçmiş Mardakert) ermənilərinki kimi göstərıilib və bu da azərbaycanlı nümayəndələr tərəfindən kəskin etirazla qarşılanıb.

Ermənistanın Ukraynadakı səfirinin müdaxiləsi və fotoşəkillərin götürülməsinə mane olmaqla bağlı cəhdi heç bir nəticə verməyib.

Forumda MDB, Baltikyanı ölkələrin və Gürcüstanın məşhur KİV-lərinin rəhbərləri, siyasətçilər və ictimai xadimlər, milli jurnalistika ittifaqlarının rəhbərləri, informasiya siyasəti üzrə 300-ə yaxın mütəxəssis bir araya gəlib.

Forumda YUNESKO-nun baş direktorunun müşaviri Henrix Yuşkyaviçus, Rusiya Mətbuatının rəhbəri Mixail Seslavinski, Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktoru Andrey Yermolayev, Azərbaycanın Trend İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, Qazaxıstanın "Kazinfo" İA-nın idarə heyətinin sədri Dauren Diyarov, Latviya Jurnalistlər İttifaqının prezidenti Yuris Payders və forumun digər iştirakçı ölkələrinin nümayəndələri çıxış edəcəklər.

Forumda böyük layihə qismində MDB, Baltikyanı ölkələr və Gürcüstan üçün ümumi olan "Sto storon" internet-qəzeti təqdim olunacaq. Layihənin iştirakçısı olan hər bir KİV öz materiallarının sərbəst şəkildə dərc olunması və ümumi kontentdən istifadə imkanı əldə edir. "RİA Novosti" bildirir ki, inteqrasiya olunmuş elektron resursun yaradılması ideyası bir il bundan əvvəl Moskvada Avropa və Asiya mediası forumunda yaranıb.

Forumda Ukrayna Prezidenti Viktor Yanukoviçin iştirakı planlaşdırılsa da, tədbirə bir gün qalmış onun administrasiyası Prezidentin iş qrafikinin sıx olması ilə əlaqədar forum iştirakçıları ilə görüşə bilməyəcəyi barədə məlumat verib. Dövlət başçısını Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini Anna German təmsil edəcək.

Bu, keçmiş sövet ölkələrinin milli KİV nümayəndələrinin say etibarilə illik beşinci forumudur. "RİA Novosti" bu növ görüşlərin keçirilməsinin təşəbbüskarı kimi ilk dəfə 2006-cı ildə çıxış edib. İllik forumun məqsədi müasir dünyada kütləvi informasiya vasitələri qarşısında duran problemlərin müzakirəsidir.

Xəbər lenti

Xəbər lenti