Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın gənc gimnastları Kalininqradda keçirilən beynəlxalq turnirdə üç medal qazanıblar.
Komandanın hesabına birinci medalı ikinci yeri tutan, Bakı Gimnastika Məktəbinin səkkiz yaşlı yetirməsi Vəfa Həsənzadə yazdırıb. Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat veriblər. O, yarış iştirakçılarını o qədər heyrətləndirib ki, hətta onu turnirin "Miss Qrasiyası" adına layiq görüblər.
İki bürünc mükafatı isə İlahə Məmmədova (2001-ci il təvəllüdlü) və 12 yaşlı Nilufər Niftəliyeva qazanıblar.
Azərbaycanın digər gimnastları Albina Əliyeva (1995-ci il təvəllüdlü) və Səbinə Hümmətova (1999-cu il təvəllüdlü) 4-5-ci yerləri tutublar.
Minskdə tamblinq və akrobatik gimnastika üzrə "Bondarev Kuboku" beynəlxalq turnirində çıxış etmiş atlet Hafiq Rzayev də yüksək yerə layiq görülüb.
O, finalda iki dəfə üç qat saltonu yerinə yetirib, lakin yerə düşəndə səhvə yol verib və nəticədə 5-ci olub.
Aynur Hüseynova və Nərmin Ramazanovadan ibarət gənc akrobatlar cütlüyü beşinci yeri tutaraq, yekun protokolda səkkizinci yeri tutan komanda üzrə rəfiqələrini və daha təcrübəli Afaq Məhərrəmli və Pərizad Quliyeva duetini qabaqlayıblar.
Bir ay əvvəl idman gimnastikası üzrə ölkənin mütləq çempionu adını qoruyub saxlayan Elvin Ağadadayev Bakıda keçirilən çempionatda da dubl edib. O, bütün altı aləti yekunda ikinci və üçüncü olan izləyiciləri Uğur Xəlilbəyli və Rəşad Cəfərli ilə müqayisədə səhvsiz və düz keçib.
İdman ustalığına namizədlər arasında qələbəni Mirvaqif Bağırov qazanıb. Birinci dərəcəli gimnastlardan isə Emil Seyidov Bakı çempionu olub.