...

Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin artırılması ilə bağlı təkliflər hazırlanır

Cəmiyyət Materials 16 Dekabr 2010 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bələdiyyələrə hüquqi şəxslərdən bəzi vergi növlərinin toplanılması səlahiyyətinin verilməsi ilə bağlı təkliflər hazırlanır. Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadə deyib.

Bu səlahiyyətin gələcəkdə bələdiyyələrə veriləcəyinə ümidvar olduğunu deyən Səlimzadə bildirib ki, bu vergilər bələdiyyələrə verilərsə, onların maliyyə imkanları genişlənər.

Onun sözlərinə görə, bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı Bələdiyyələrlə İş Mərkəzi tərəfindən mütəmadi olaraq təkliflər hazırlanır və qanunverici orqana təqdim olunur.

"Bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə təqdim olunanda inzibati nəzarətin təkmilləşdirilməsi, bələdiyyələrin işinin səmərəli təşkili ilə bağlı müvafiq təkliflər hazırlayırıq. Təkliflər sırasında bələdiyyələrə ödənilən vergilərin sayının artırılması, hüquqi şəxslərdən müxtəlif vergilərin tutulması, audutin təşkili ilə bağlı təkliflər və s. var", - Mərkəzin rəhbəri vurğulayıb.

Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin artırılmasına toxunan Ədliyyə Nazirliyinin rəsmisi bildirib ki, qanunvericilikdə bələdiyyələrin səlahiyyətlərinin icrasında məhdudiyyətlər yoxdur.

Səlimzadə bildirib ki, bələdiyyənin əmlakından, mülkiyyətindən istifadə, yerlərdə sosial-iqtisadi məsələlərin həllində iştirak səlahiyyətləri var.

"Yeni xidmət sahələrinin yaradılması ilə bağlı təcrübəsi olan bələdiyyələrin sayı çox azdır. Bələdiyyələr büdcələrindən səmərəli istifadə edib əldə olunan gəlirdən yeni xidmət sahələri yaratmalıdırlar və əlavə gəlirlər əldə etməlidirlər. Təəssüf ki, bu təcrübəni tətbiq edən bələdiyyələrimiz azdır", - Səlimzadə deyib.

Mərkəz rəhbəri gələcəkdə ölkənin sosial-iqtisadi inkişafı fonunda komunikasiya, infrastrukturla bağlı sahələrdə bəzi səlahiyyətlərin bələdiyyələrə verilməsini mümkün hesab edir.

Səlimzadə bu səlahiyyətlərin mərhələlərlə bələdiyyələrə verilməsini zəruri sayır.

"Bu səlahiyyətlər o bələdiyyələrə verilməlidir ki, onlar bu işləri görmək iqtidarında olsunlar. Əgər bələdiyyələr bu işlərin öhdəsindən gələ bilməyəcəklərsə, onlara yeni səlahiyyətlərin verilməsi də əhəmiyyətsiz olacaq. Bələdiyyələrin səlahiyyətlərini kütləvi şəkildə artırmaqla istənilən nəticəni əldə etmək mümkün olmayacaq", - nazirlik rəsmisi vurğulayıb.

Bələdiyyələrin icra hakimiyyəti orqanlarından aslılığı ilə bağlı fikirlərə münasibət bildirən Səlimzadə qeyd edib ki, bələdiyyələr qanunla tam müstəqildir.

"Bələdiyyələr səlahiyyətindəki məsələlərlə bağlı qərar verməkdə, qərarı icra etməkdə tam sərbəstdirlər. Onun qərarını bələdiyyə ərazisində olan fiziki və hüquqi şəxslər icra etməlidir və bu qərarın icrasına nəzarəti bələdiyyə həyata keçirir. Bu prinsiplər göstərir ki, bələdiyyə heç kimdən asılı deyil, əksinə, bələdiyyənin qərarından asılı olanlar, onun qərarını icra etməyə borclu olanlar var. Bu baxımdan bələdiyyələrin kimdənsə, hansısa qurumdan asılılığı qanunla müəyyənləşdirilməyib", - Səlimzadə deyib.

Mərkəz rəhbəri deyir ki, özünü kimlərdənsə asılı vəziyyətə salan bələdiyyə sədrləri var.

"Kiminsə əlinin altında özünü asılı vəziyyətə salan bələdiyyə sədrləri var. Dövlət orqanından bələdiyyə sədrinə hansısa sifariş, göstəriş də gələ bilər. Bu göstərişlər əsasən yerlərdə sosial-iqtisadi məsələrə, əhalinin rifah halının yüksəldilməsinə aid məsələlərdir. Bələdiyyə sədri bu göstərişləri özünü asılı vəziyyətə salmaqla deyil, müzakirə edərək, qərar qəbul edərək və qərarının qanunauyğunluğu müvafiq dövlət orqanında təsdiqini tapandan sonra icra etməlidir. Bu halda bələdiyyə sədrlərinin aslılığı yaranmır. Lakin bəzi bələdiyyə sədrləri bu prosedura əməl etməyərək həmin göstərişləri icra edərək, büdcədən kənara çıxaraq özlərini asılı vəziyyətə salırlar", - Səlimzadə bildirib.

O, bu asılılığın səbəbini bələdiyyə sədrlərinin səriştəsizliyi, məsuliyyətsizliyi , işlərini düzgün qurmaması ilə əlaqələndirir.

Nazirlik rəsmisinin sözlərinə görə, bələdiyyə üzvləri arasında az sayda ali təhsili olmayan, savadsız şəxslərin olması problemi var və bu problem bələdiyyə qərarlarının qəbuluna, bələdiyyələrin işinin təşkilinə mənfi təsir göstərir.

Səlimzadə bildirib ki, problemin həlli məqsədilə bələdiyyə üzvlərinin maarifləndirliməsi üçün Ədliyyə Akademiyasında kurslar keçirilir. Bu il 2 minə yaxın bələdiyyə işçisi bu kursları keçib. Onlara bələdiyyə qanunvericiliyi, bələdiyyənin əmlakının, mülkiyyətinin, maliyyəsinin idarə olunması ilə bağlı məsələlər izah olunur.

Xəbər lenti

Xəbər lenti