Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan dünyada ərazisində ən çox daxili miqrant məskunlaşan ölkədir. Trend-in məlumatına görə, bunu cümə günü Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov 18 dekabr Beynəlxalq Miqrant Günü ilə əlaqədar keçirilən tədbirdə bildirib.
"Dünyada miqrantların sayı təxminən 200 milyon, Azərbaycanda isə 1 milyona yaxındır. Hazırda dünyada hər 35 nəfərdən, Azərbaycanda isə hər 8 nəfərdən biri miqrantdır. Dünyada miqrantların 97-98 faizi başqa ölkə vətəndaşları olduğu halda, Azərbaycanda miqrantların 70 faizi ərazilərin işğalı nəticəsində ölkə daxilində yaşayış yerini dəyişməyə məcbur olmuş daxili miqrantlardır", - Rəhimov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda məskunlaşan miqrantların 90 faizindən çoxu milli mənsubiyyətinə görə azərbaycanlılardır.
"Dövlət Miqrasiya Xidmətinə il ərzində 50 min müraciət olub. 11 mindən artıq miqrasiya
qanunvericiliyi pozuntusu aşkar olunub. 8500 əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkə ərazisindən kənarlaşdırılıb, onlardan 1210 nəfəri inzibati qaydada çıxarılıb, yəni deportasiya olunub", - Rəhimov bildirib.
Onun sözlərinə görə, bu ilin 11 ayında Dövlət Miqrasiya Xidmətinə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi və verilmiş fərdi icazələrin müddətlərinin uzadılması ilə əlaqədar 10 mindən artıq müraciət daxil olub.
"Turist kimi səfər edənlər, tədbirlərdə iştirak etmək məqsədilə gələnlər, dövlət qurumlarına, eləcə də şirkətlərə dəvət edilən şəxslər, əməkçi miqrantlar və onların ailə üzvləri, tələbələr, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, investorlar, yaşamaq məqsədilə gələnlər, Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda və ya yaxın qohumluq münasibətlərində olanlar da miqrantlar arasında üstünlük təşkil edirlər", - DMX rəhbəri vurğulayıb.
18 Dekabr Beynəlxalq Miqrant Günüdür. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 18 dekabr 1990-cı ildə qəbul etdiyi "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında" Konvensiyanın qəbul edilmə tarixi 4 dekabr 2000-ci ildə Baş Assambleya tərəfindən Beynəlxalq Miqrant Günü elan edilib. Həmin vaxtdan etibarən 18 dekabr Beynəlxalq Miqrant Günü kimi qeyd edilir. Bu Konvensiya Azərbaycan Respublikasının Milli Məclisinin 11 dekabr 1998-ci il tarixli qanunu ilə ratifikasiya olunub.