Fotoşəkillər əlavə olunub.
Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Prezidentinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünən imzaladığı əfv sərəncamının icrası Penitensiar Xidmət üzrə başa çatıb.
Sərəncamın icrası məqsədilə bu gün qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin, Ədliyyə Nazirliyinin, ziyalıların, kütləvi informasiya vasitələrinin nümayəndələri cəzaçəkmə müəssisələrində olublar.
Trend-in əməkdaşının iştirak etdiyi qrup Yetkinlik yaşına çatmayanların tərbiyə müəssisəsində, 6 saylı cəzaçəkmə müəssisəsində və Müalicə Müəssisəsində məhkumların əfv olunması prosesini müşahidə edib.
Tərbiyə müəssisəsindən bir, 6 saylı müəssisədən 4, Müalicə Müəssisəsindən isə 3 məhkum azadlığa buraxılıb.
Tədbirdə iştirak edən ombudsman Elmira Süleymanova, Prezident Yanında Əfv Komissiyasının üzvü Zahid Qaralov, Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisii Malik Ələkbərov əfv sərəncamını yüksək qiymətləndirib. Məhkumlara cəmiyyətdə düzgün mövqe tutmalarını, ölkə üçün layiqli vətəndaş olmalarını tövsiyə ediblər.
Sayca 48-ci olan əfv sərəncamı ümumilikdə 92 nəfərə şamil olunub.
Onlardan 71 nəfəri azadlıdan məhrumetmə cəzasından, 15-i azadlığın məhdudlaşdırılması cəzasından, 5-i cərimə cəzasından, biri isə şərti məhkumetmə cəzasından azad olunub.
Əfv olunanlardan biri yetkinlik yaşına çatmayan, biri qadın, 8-i əcnəbilərdir - dörd Banqladeş, iki Əfqanıstan və iki Pakistan vətəndaşı.
1994-cü ildən etibarən imzalanan 48 əfv sərəncamı ilə 5 121 nəfər cəzadan azad edilib. Sərəncamlardan 32-si ümummilli lider Heydər Əliyev, 16-sı isə Prezident İlham Əliyev tərəfindəm imzalanıb.
İndiyə kimi Azərbaycanda imzalanan səkkiz amnistiya aktı 40 minə yaxın şəxsə şamil edilib.