...

Ombudsmanının nümayəndələri Azərbaycan İslam Partiyasının həbsdə olan sədrinə baş çəkib

Cəmiyyət Materials 13 Yanvar 2011 13:19 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma məntəqəsində saxlanılan Mövsüm və Dəyanət Səmədovla görüşüblər.
Ombudsmanının nümayəndələri Azərbaycan İslam Partiyasının həbsdə olan sədrinə baş çəkib

Azərbaycan, Bakı 13 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Ombudsmanının nümayəndələri Azərbaycan İslam Partiyasının həbsdə olan sədrinə baş çəkiblər.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma məntəqəsində saxlanılan Mövsüm və Dəyanət Səmədovla görüşüblər.

Mövsüm Səmədovun sənədləri ilə tanışlıq zamanı məlum olub ki, yanvarın 7-də polisin qanuni tələblərinə tabe olmadığı üçün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 13 gün müddətinə inzibati həbs seçilib.

Dəyanət Səmədovun barəsində isə Cinayət Məcəlləsinin 228.1 maddəsi (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qrupun üzvləri saxlanılan şəxslərin hər biri ilə təkbətək görüşərək söhbət aparıblar.

Söhbət zamanı hər iki saxlanılan şəxs saxlandıqları müddətdə onlara qarşı rəftardan və saxlanma şəraitindən narazılıq etməyiblər.

Həmin şəxslərin razılığı ilə onların bədəninə vizual baxış keçirilib, xəsarət əlamətləri aşkar edilməyib.

DİN-in yaydığı məlumatda qeyd olunur ki, yanvarın 11-də Dəyanət Səmədovun və onun qaynı Firdovsi Məmmədrzayevin Quba şəhərində yaşadıqları ünvanlarda axtarış keçirilib.

Dəyanət Səmədovun yaşadığı mənzildə və həyətindəki yardımçı tikililərdə 2 ədəd "Kalaşnikov" avtomatı, 60 ədəd avtomat patronu, 20 ədəd "F-1" əl qumbarası və onlar üçün alışdırıcılar, avtomat silahı üçün 4 ədəd daraq tapılıb. Firdovsi Məmmədrzayevin evindən və həyətindəki istixanadan isə 10 ədəd "F-1" əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silahı üçün 1 ədəd daraq aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti