...

Azərbaycanda Peyk vasitəsilə ceyranların hərəkəti izlənilir

Cəmiyyət Materials 14 Yanvar 2011 10:11 (UTC +04:00)
Azərbaycanda Peyk vasitəsilə ceyranların hərəkəti izlənilir. Bu barədə cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Azərbaycanda Peyk vasitəsilə ceyranların hərəkəti izlənilir

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Peyk vasitəsilə ceyranların hərəkəti izlənilir. Bu barədə cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

"Peyk məlumatlarına əsasən, hazırda ceyranların birinci qrupu Güzdək qəsəbəsinin cənub-qərb, ikinci qrupu isə Abşeron rayonunun Cəngi kəndinin şimal-qərb istiqamətində müşahidə olunur. Hərəkət istiqamətlərindən asılı olaraq, Nazirliyin əməkdaşları tərəfindən ceyranların süni yem və su ilə təminatı həyata keçirilir", - İbrahimova deyib.

Ötən il dekabrın 24-də "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində ceyranların tarixən məskunlaşmış yerlərindən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı Qobustan-Cəngiçay ərazisinə üzərində peyk vasitəsilə məlumat toplayan xüsusi siqnalötürücü xaltası olan ilk ceyran sürüsü buraxılıb.

Ceyranların boyunlarına bağlanmış xüsusi xaltalar vasitəsilə onların hərəkətləri barədə gündə bir neçə dəfə peyk vasitəsilə məlumatlar alınır. Keçən dövr ərzində 21 başdan ibarət ceyran dəstəsi iki sürüyə bölünərək ərazidə məskunlaşıb.

İbrahimova deyib ki, layihə çərçivəsində mövcud problemlərin öyrənilməsi və aradan qaldırılması, quraq ərazilərdə su təminatı və yem təlabatının ödənilməsi, ceyran populyasiyasının mühafizəsinin gücləndirilməsi məqsədilə çevik antibrokonyer qrupların yaradılması və zəruri avadanlıqlarla (motosikllər, atlar, simsiz rabitə vasitələri və s.) təchiz edilməsi üçün intensiv işlər görülüb.

"Həmçinin ceyranların təhlükəsizliyinin təmin olunması məqsədilə köçürülmə areallarına yaxın yerlərdəki qəsəbə və kəndlərin əhalisi arasında maarifləndirmə işləri aparılıb, yol kənarlarında, arealların yaxınlığında xüsusi informasiya lövhələri qoyulub. Lövhələrdə ceyran ovunun qadağan edilməsi barədə məlumatlar verilir", -  İbrahimova əlavə edib.

Qobustan-Cəngiçay ərazisi ceyranların tarixi areallarından biri sayılır və layihəyə əsasən, buraya 150-dək ceyranın köçürülməsi nəzərdə tutulub.

"Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində ceyranların tarixi ərazilərində məskunlaşdırılması işi 2011-ci il ərzində də davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti