...

Parisdə Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib

Cəmiyyət Materials 18 Fevral 2011 11:07 (UTC +04:00)
Fransanın mədəniyyət naziri Frederik Mitteran beynəlxalq əməkdaşlığın inkişafında Azərbaycanın mühüm töhfəsini qeyd edib.
Parisdə Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Fransanın mədəniyyət naziri Frederik Mitteran beynəlxalq əməkdaşlığın inkişafında Azərbaycanın mühüm töhfəsini qeyd edib. O, Parisdə Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş tədbirdə çıxış edib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS yazır.

Fransalı nazir başda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deplutatı Mehriban Əliyeva olmaqla azərbaycanlı qonaqları salamlayıb.

Təntənəli gecədə bildirilib ki, Azərbaycan "təhsil və mədəniyyətin inkişafında böyük nailiyyətlər əldə edib". Mitteranın sözlərinə görə, Fransada "qədim muğam sənəti tanınır, Azərbaycan ədəbiyyatı, teatr rejissorları və kinematoqrafçılarının işləri böyük maraq doğurur".

Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyətinə Fransadakı Versal sarayında və Strasburq kilsəsindəki bərpa layihələrinin dəstəklənməsi də daxildir.

Mehriban Əliyeva dostluq münasibətlərilə bağlı iki ölkənin mədəni mübadiləsinin böyük potensialını qeyd edib. O, bildirib ki, Fransa xaricdə respublikanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş tədbirlər proqramını açıb. Heydər Əliyev Fondunun rəhbəri turizm sahəsinin inkişafından bəhs edib və tədbir iştirakçılarını Azərbaycana səfərə dəvət edib.

Teymur Göyçayevin rəhbərliyi altında Azərbaycan Dövlət Kamera Orkestrinin iştirakı ilə incəsənət ustalarının konserti alqışlarla qarşılanıb.

Qara Qarayevin, Fikrət Əmirovun və Azərbaycanın digər görkəmli bəstəkarlarının əsərləri səsləndirilib.

Təntənəli gecənin keçirildiyi "Qavo" konsert zalı Parisin ən məşhur zallarından biridir. Burada nüfuzlu beynəlxalq müsabiqələr, dünyanın iş adamları və siyasi partiyaların nəhəng görüşləri keçirilir.

2011-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü tamam olur.

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək, öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirib. Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil olub. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul edilib və onun yarandığı 28 may Respublika Günü kimi qeyd olunmağa başlayıb.

Xəbər lenti

Xəbər lenti