...

Azərbaycanda yeni məktəbli formasının tətbiqi nöqsanlarla müşayiət olunur - ombudsman

Cəmiyyət Materials 1 Mart 2011 17:50 (UTC +04:00)
Azərbaycanda yeni məktəbli formasının tətbiqi bir sıra nöqsanlarla müşayiət edilir. Trend-in məlumatına görə, bu barədə ombudsman Elmira Süleymanovanın Milli Məclisə təqdim etdiyi 2010-cu il üzrə illik məruzədə bildirilir.
Azərbaycanda yeni məktəbli formasının tətbiqi nöqsanlarla müşayiət olunur - ombudsman

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda yeni məktəbli formasının tətbiqi bir sıra nöqsanlarla müşayiət edilir. Trend-in məlumatına görə, bu barədə ombudsman Elmira Süleymanovanın Milli Məclisə təqdim etdiyi 2010-cu il üzrə illik məruzədə bildirilir.

Məruzədə bildirilir ki, yeni məktəbli formasının tətbiqində həmin formaya keçid imkanları və aztəminatlı ailələrin vəziyyəti nəzərə alınmayıb, bir neçə məktəbli uşağın olduğu ailələr çətinliklərlə üzləşir. Bəzi rayonlarda bu vəziyyətdən sui-istifadə edilməsi də məruzədə qeyd olunub.

Ombudsman ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş tədris vəsaitlərində olduğu kimi, məktəbli formaları üçün də vahid qiymətlərin tətbiq edilməsini məqsədəuyğun hesab edilr.

2011/2012-ci tədris ilindən etibarən Bakının orta təhsil müəssisələrində bütün siniflər vahid məktəbli formasına keçəcək. Geyimlərin qiyməti 1-6-ci siniflər üçün çeşidindən fərqli olaraq 45 manata qədər, 7-11 siniflər üçün isə 55 manata qədər olacaq.

2010-cu ildə təhsil hüququnun pozulması ilə bağlı müvəkkilin ünvanına 341 şikayət daxil olub.

Azərbaycan ombudsmanına göndərilən bir sıra müraciətlərdə valideynlər məktəblərdə dərsliklərin çatışmaması səbəbindən bəzi dərslikləri öz vəsaitləri hesabına almaları, şagirdlərə məktəblərdə paylanan dərs kitablarının yararsız vəziyyətdə olması, həmçinin "Azərbaycan dili", "Riyaziyyat", "İngilis dili" və bir sıra digər fənlər üzrə iş dəftərlərinin, eyni zamanda, müvafiq fənlər üzrə test kitablarının şagirdlərin vəsaiti hesabına onlara məcburi qaydada aldırılmasından şikayətlənirlər.

Müvəkkil illik hesabatda bütün bu kimi vəsaitlərin şagirdlərə dövlət hesabına verilməsi təklifini irəli sürüb.

Ötən il Azərbaycanda 10 məktəbin direktoru işdə yol verdikləri nöqsanlara görə tutduqları vəzifədən azad olunub, 6 məktəbin direktoruna müxtəlif dərəcəli töhmət verilib, 146 məktəbin direktoruna xəbərdarlıq edilib.

İnsan haqları üzrə müvəkkilin illik məruzəsi Milli Məclisdə martın 4-də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti