Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda məhkumluq həyatı yaşayan qadınların əksəriyyəti narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, dələduzluq və qətl cinayətlərində ittiham olunurlar.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, 4 saylı qadın cəzaçəkmə müəssisəsində 332 qadın cəza çəkir. Təcridxanadakı məhbusları da nəzərə alsaq, respublika üzrə təxminən 400-420 qadın həbsdədir.
Xidmətdən bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunan qadınların sayı 89 nəfərdir.
Onların əksəriyyəti külli miqdarda narkotikin sərhəddən gizli yolla keçirilməsinə görə saxlanılıb. Narkotik biznesi ilə məşğul olanlar şirnikləndirmə yolu ilə, yəni asan yolla pul qazanmağı vəd edərək qadınlardan öz məqsədləri üçün istifadə edirlər.
Qadın məhkumların 76 nəfəri qəsdən adamöldürmə cinayətinə görə məhkum olunublar. Bu cinayəti törədən qadınların əksəriyyəti məişət zorakılığına məruz qalanlardır. Ailədə onlara qarşı törədilmiş müxtəlif işgəncələr, təzyiqlər onları belə ağır cinayəti törətməyə məcbur edib.
İnsan alveri və fahişəliyə cəlb etmə cinayətinə görə müəssisədə 65 qadın cəza çəkir.
PX-dən bildirilib ki, 63 qadın məhkum isə dələduzluq, oğurluq, xırda xuliqanlıq cinayətlərində ittiham olunurlar.