Azərbaycan, Bakı, 19 mart /Trend/
Daxili İşlər Nazirliyində orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə Müsabiqə Komissiyasının iclası keçirilib. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib. Bu barədə şənbə günü DİN-in mətbuat xidmətindən Trend-ə məlumat verilib.
Müsabiqə Komissiyasının sədri, DİN Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə tədbir iştirakçılarına məlumat verib. O, deyib ki, respublikanın polis orqan və hissələrində vakant vəzifələrə qəbul üçün kütləvi informasiya vasitələrində, o cümlədən mərkəzi, yerli telekanallarda və qəzetlərdə, DİN-in internet saytında dəfələrlə elanlar verilib, ötən ilin noyabr və dekabr aylarında sənədlərin qəbulu prosesi həyata keçirilib.
Nəticədə 108 namizədin sənədi müsabiqənin birinci mərhələsi olan test imtahanlarında iştirak etmək üçün Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına göndərilib. Test imtahanlarında 65-dən yuxarı bal toplayan 48 namizəd müsabiqənin 2-ci mərhələsinə buraxılıb.
Sonra həmin namizədlər orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə keçirilmiş müsabiqənin ikinci mərhələsindən də uğurla keçib, daxili işlər nazirinin müvafiq əmrləri ilə bütün iddiaçılar "polis leytenantı" xüsusi rütbəsi verilməklə respublikamızın şəhər, rayon polis orqanlarında müxtəlif vəzifələrə təyin ediliblər. Test imtahanlarında yüksək bal toplamış namizədlərin əksəriyyəti daxili işlər orqanlarının istintaq və təhqiqat xidmətlərindəki vakant yerlərə təyinat alıblar.