Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin “yaşıl” keçidinə dəstək məqsədilə ölkənin aparıcı enerji şirkətlərindən olan “Enerjisa Enerji Üretim A.Ş.”yə (Enerjisa Üretim) 200 milyon ABŞ dolları (172 milyon avro) məbləğində kredit ayırıb.
Trend bu barədə AYİB-ə istinadən xəbər verir.
Qeyd olunur ki, bankın dəstəyi “Enerjisa Üretim”in ümumi gücü 1 QVt olan külək enerjisi layihələri portfeli çərçivəsində Muğla vilayətində ümumi gücü 250 MVt təşkil edən külək elektrik stansiyalarının tikintisinə imkan verəcək.
“Mühüm əhəmiyyətə malik bu layihə hər il təxminən 630 QVt·saat ‘yaşıl’ elektrik enerjisi istehsal edəcək və təqribən 221 min ton CO₂ emissiyasının qarşısını almağa imkan verəcək. Türkiyənin karbon neytrallığına nail olmaq məqsədlərinə töhfə verməklə yanaşı, layihə enerji təhlükəsizliyini gücləndirəcək və ölkənin bərpaolunmayan yanacaqlardan asılılığını azaldacaq.
Bundan əlavə, bankın investisiyaları çərçivəsində “Enerjisa Üretim” yeni peşə hazırlığı və sertifikatlaşdırma mərkəzi vasitəsilə milli akkreditasiyadan keçmiş təlim proqramı yaradacaq. Bu mərkəz kömür sektorunda çalışan işçilərin bərpa olunan enerji, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyət göstərmək üçün yenidən ixtisaslaşmasını təmin edəcək və şirkətin ədalətli keçid (Just Transition) gündəliyinin həyata keçirilməsinə töhfə verəcək”, – məlumatda deyilir.
