...

Mətbuat Şurası və ABŞ səfirliyi "Media hüququ" kitabının təqdimatını keçirəcəklər (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2011 17:52 (UTC +04:00)
Azərbaycanın Mətbuat Şurası (MŞ) ilə ABŞ-ın Azərbaycandakı səfirliyi "Media hüququ" məlumat kitabının təqdimatını keçirəcəklər.
Mətbuat Şurası və ABŞ səfirliyi "Media hüququ" kitabının təqdimatını keçirəcəklər (FOTO)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Mətbuat Şurası (MŞ) ilə ABŞ-ın Azərbaycandakı səfirliyi "Media hüququ" məlumat kitabının təqdimatını keçirəcəklər. Trend-in MŞ-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şura sədri Əflatun Amaşovla ABŞ səfirliyinin mətbuat müşaviri Kis Bin arasında çərşənbə axşamı keçirilən görüş zamanı bu barədə razılıq əldə edilib.

ABŞ səfirliyinin mətbuat müşaviri Kis Bin bildirib ki, kitabın müəllifi Minnesota Universitetinin Jurnalistika və kütləvi kommunikasiyalar fakültəsinin professoru Ceyn Körtlindir, ABŞ Dövlət Departamenti və Beynəlxalq Məlumat Proqramları Bürosunun xətti ilə nəşr edilib.

Görüş zamanı MŞ sədri Əflatun Amaşov ölkədə mətbuatın durumu ilə bağlı məlumat verərkən bildirib ki, kütləvi informasiya vasitələrinin başlıca problemi onların özlərini maliyyələşdirməkdə çətinlik çəkmələridir. Bunun aradan qaldırılmasına yönələn bir sıra tədbirlərin həyata keçirildiyini deyən Şura sədri mövcud istiqamətdəki səylərin artırılmasına ehtiyacın duyulduğunu bildirib. O qeyd edib ki, Mətbuat Şurası xüsusən də KİV-lərdə rəsmi qurumların elan və reklamlarının yerləşdirilməsinə dair beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə çalışır.

Amaşov jurnalistlərin kütləvi aksiyaları işıqlandırmaları məsələsinə də toxunub. MŞ sədri bununla bağlı vəziyyətin öyrənilməsi, aksiyalar zamanı peşə fəaliyyətini yerinə yetirən KİV təmsilçilərinə zəruri şəraitin yaradılması məsələsinin hüquq-mühafizə orqanları ilə müzakirə olunduğunu diqqətə çatdırıb. O bildirib ki, üzərində "PRESS" yazılmış gödəkçələrdə olan jurnalistlər icazəli, yaxud icazəsizliyindən asılı olmayaraq bütün mitinqlərdə öz vəzifə borclarını sərbəst şəkildə yerinə yetirə bilirlər.

Xəbər lenti

Xəbər lenti