...

Cənubi Koreya Azərbaycanda yeni peşə kompleksinin yaradılmasına 22 milyon dollar kredit ayıracaq

Cəmiyyət Materials 3 May 2011 15:28 (UTC +04:00)
Azərbaycan hökuməti Bakıda müasir tipli yeni peşə kompleksinin yaradılması üçün Cənubi Koreyanın İnkişaf Bankı ilə danışıqlar aparır.
Cənubi Koreya Azərbaycanda yeni peşə kompleksinin yaradılmasına 22 milyon dollar kredit ayıracaq

Azərbaycan, Bakı, 3 may /Trend müxbir İ.İsabalayeva/

Azərbaycan hökuməti Bakıda müasir tipli yeni peşə kompleksinin yaradılması üçün Cənubi Koreyanın İnkişaf Bankı ilə danışıqlar aparır.

Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov çərşənbə axşamı Trend-ə bildirib ki, bank peşə təhsili müəssisəsinin tikintisi, müvafiq maddi texniki baza və kadr təminatı üçün Azərbaycana 22 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır.

Kredit hesabına paytaxtdakı 4 nömrəli Bakı Peşə Liseyinin bazasında texnologiya sahəsi üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edə biləcək müasir tipli peşə kompleksi istifadəyə veriləcək. Artıq bu ildən kompleksin tikintisinə başlamaq nəzərdə tutulur.

"Tikinti təqribən bir ilə başa çatdırılmalıdır. Müəllim hazırlığı və avadanlıqların quraşdırılması üçün də bir il vaxt lazımdır. Təxminən 2 il ərzində kompleks tam gücü ilə istifadəyə veriləcək", - Məmmədov deyib.

Onun sözlərinə görə, yeni məktəbdə texnologiya, elektroenergetika, maşınqayırma, informasiya kommunikasiya texnologiyalarının təmiri üzrə mütəxəssislər hazırlanacaq.

Şöbə müdiri layihənin qarşı tərəf üçün də maraqlı olduğunu söyləyib.

"Çünki Koreya hökuməti Azərbaycanla böyük layihələr həyata keçirməyi nəzərdə tutur. Amma ixtisaslı kadrların çatışmazlığından bu layihələrin icrası ləngiyir. Məncə, bu layihə həyata keçirilərsə, Azərbaycanda Asiya, xüsusilə Yaponiya, Koreya, Tailand, Sinqapur kimi ölkələrin biznesmenləri üçün gözəl şərait yaranacaq", - deyə Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti