Azərbaycan, Bakı, 6 may /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın repressiyaya məruz qalmış qadınlarının xatirəsinə Astana şəhəri yaxınlığındakı Akmola qəsəbəsində memorial abidə ucaldılıb. Bu barədə cümə günü Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Komitənin məlumatına əsasən, Astana şəhəri "Xəzər" Mədəniyyət Mərkəzi ilə "Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqı"nın təşəbbüsü ilə ucaldılan abidə ötən əsrin 30-40-cı illərində "Akmola siyası repressiyaya məruz qalmış şəxslərin həyat yoldaşlarının düşərgəsi"nin ("Акмолинский лагерь жен политических репрессированных") yerləşdiyi ərazidə qoyulub.
1936-1946-cı illərdə bu düşərgədə Azərbaycandan olan 49 qadın saxlanıb. Onların əksəriyyəti elə həmin ərazidəki ümumi düşərgə məzarlığında dəfn olunub.