...

Vatikanın məxfi arxivlərində Azərbaycan tarixinə aid qiymətli sənədlər aşkarlanıb

Cəmiyyət Materials 11 May 2011 17:35 (UTC +04:00)
Vatikanın məxfi arxivlərində 700-dən çox sənəd araşdırılıb və nəticədə Azərbaycan tarixinə aid 85 sənəd aşkarlanıb.
Vatikanın məxfi arxivlərində Azərbaycan tarixinə aid qiymətli sənədlər aşkarlanıb

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İ.İsabalayeva/

Vatikanın məxfi arxivlərində 700-dən çox sənəd araşdırılıb və nəticədə Azərbaycan tarixinə aid 85 sənəd aşkarlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bunu AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri, tarix elmləri doktoru Fərid Ələkbərli deyib.

Alimin sözlərinə görə, Azərbaycan tarixinə dair sənədlərin arasında Qafqaz Albaniyasına aid italyan, latın, yunan, fransız, ərəb, fars, türk, monqol və s. dillərdə 4 sənəd aşkarlanıb. Əsərlər əsasən X-XX əsrlərə aid olub. Azərbaycan tarixinin minillik dövrünü əhatə edən sənədlərin arasında orta əsr Azərbaycan hökmdarlarının (İlxani, Səfəvi, Qaramanlı, Əfşar, Qacar və s.) Roma papaları ilə məxfi yazışmalarını əks etdirən məktublar və Vatikan kilsəsinin Azərbaycanda apardığı dini fəaliyyət və təbliğatla bağlı sənədlər də var.

Vatikan Apostolik Kitabxanasında isə 400-dən çox qədim əlyazma əsəri tədqiqata cəlb olunub. Həmin kitabxanada orta əsr Azərbaycan müəlliflərinə məxsus 60 qədim əlyazma əsərləri aşkarlanıb. Həmin tapıntılar Azərbaycan (türk), fars, ərəb dillərində olan orta əsr əlyazma kitablarıdır.

Araşdırmalar zamanı Vatikan Apostolik Kitabxanasında Əbdül-Məcid Şirvaninin "Kitabi-Sihri", Əbdül-Vəhhab Zəncani Əhməd bin Məhəmməd əl-Hillinin ərəb qramatikasına aid əsərinin şərhinin, Cəlaləddin ət-Təbrizinin, Əhməd bin Məhəmməd bin Əli Şirvaninin, Əbül-Əbbas Əhməd bin Yusif əd-Diməşqi əl-Qaramaninin, İbrahim bin Əbdüssəlam əz-Zəncani əl-İmam əl-Müəzzəmin əlyazmaları, Yusif bin Qorxmaz əl-Həmzəvi əl-Hələbinin astrologiyaya aid pərakəndə sitatları da aşkarlanıb.

Ələkbərli deyib ki, dünyanın zəngin əlyazma xəzinələrindən biri olan AMEA Əlyazmalar İnstitutunda müxtəlif sahələrə aid 40 mindən çox sənəd, o cümlədən 11 mindən artıq qədim əlyazma əsərləri saxlanılır.

Xəbər lenti

Xəbər lenti