Azərbaycan, Bakı, 13 may /Trend/
İranda 26-cı "Azərbaycan turu" beynəlxalq velosiped yürüşünə start verilib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat verir.
Yarışda 14 xarici və 5 İran komandası iştirak edir. Altı mərhələdən ibarət yarışın təşkilatçısı İranın Velosiped İdmanı Federasiyasıdır. Birinci mərhələ cümə günü Təbrizdən El Gölünə (4 kilometr), ikinci mərhələ Təbrizdən Meşginşəhər şəhərinə (177 kilometr), üçüncü mərhələ Ərdəbil-Nir-Ərdəbil istiqamətində (50 kilometr), dördüncü mərhələ Sərab şəhərindən Təbrizə (125 kilometr), beşinci mərhələ Şəbüstər şəhərindən Urmiya şəhərinə (158 kilometr), altıncı mərhələ Urmiyadan Təbrizə (142 kilometr) kimi keçiriləcək.
Yarışın mükafat fondu 60 min dollardır. Yarış beynəlxalq statusa malik olduğundan, mükafatlar uğrunda 12 ölkə (İran, Türkiyə, Yaponiya, Avstraliya, Cənubi Afrika, Malayziya, Ukrayna, Qazaxıstan, Almaniya, İsveçrə, İtaliya və Özbəkistan) idmançıları mübarizə aparırlar.