...

Azərbaycan hökuməti uşaqlara adların verilməsi ilə bağlı bəzi məhdudiyyətlər qoyub

Cəmiyyət Materials 16 May 2011 16:00 (UTC +04:00)
Azərbaycan hökuməti "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə qərar verib.
Azərbaycan hökuməti uşaqlara adların verilməsi ilə bağlı bəzi məhdudiyyətlər qoyub

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir M. Əliyev/

Azərbaycan hökuməti "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə qərar verib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələri olan Azərbaycan vətəndaşlarının, doğumu Azərbaycan ərazisində qeydə alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin müraciətləri əsasında onlara adların, ata adlarının və soyadların verilməsi və dəyişdirilməsi bu qaydalara uyğun olaraq həyata keçirilir.

Qaydalara görə, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Qaydalarda qeyd olunur ki, valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həll olunur.

Həmçinin qeyd olunur ki, 18 yaşına çatmış hər bir vətəndaşın ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir.

Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir.

Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir.

Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

Qaydalara görə, Azərbaycan vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir.

Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir.

Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar.

Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir.

Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

Adın, ata adının, soyadın dəyişdirilməsinə dair sənədlər, o cümlədən qeydiyyat orqanının rəyi qeydiyyat şöbəsində və ya konsulluqda 75 il müddətində saxlanılır.

Xəbər lenti

Xəbər lenti