...

"Eurovision 2011"-də səslənən Azərbaycan mahnısının Rusiya mətbuatı tərəfindən plagiatlıqda ittiham edilməsi əsassızdır - İsmayıl Ömərov

Cəmiyyət Materials 17 May 2011 15:45 (UTC +04:00)
"Eurovision 2011"-də Azərbaycan nümayəndələri tərəfindən səslənən "Running scared" mahnısının Rusiya mətbuatı tərəfindən plagiatlıqda ittiham edilməsi tamamilə əsassızdır.
"Eurovision 2011"-də səslənən Azərbaycan mahnısının Rusiya mətbuatı tərəfindən plagiatlıqda ittiham edilməsi əsassızdır - İsmayıl Ömərov

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İsabalayeva/

"Eurovision 2011"-də Azərbaycan nümayəndələri tərəfindən səslənən "Running scared" mahnısının Rusiya mətbuatı tərəfindən plagiatlıqda ittiham edilməsi tamamilə əsassızdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Eurovision 2011" mahnı müsabiqəsinin qalibləri ilə birlikdə keçirdiyi mətbuat konfransında İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov deyib.

Onun sözlərinə görə, bu cür məlumatlar təxribat xarakterlidir.

"Bizim qalibiyyətimiz o qədər böyükdür ki, ona kimsə kölgə salmaq istəyir. Bu mahnının müəlliflik hüququ tanındıqdan və təsdiqləndikdən sonra müsabiqəyə buraxılıb", - o əlavə edib.

Ömərov Azərbaycanın "Eurovision 2011" müsabiqəsində ölkə neftinin pulları hesabına qalib olması barədə mətbuatda yazılan bəzi məlumatları da antimilli hərəkət hesab edib. Onun sözlərinə görə, belə yüksək qələbəni belə qiymətləndirmək düzgün deyil.

"Bu il Azərbaycan "Eurovision" mahnı yarışmasına ötənilkinə nisbətən daha az vəsait xərcləsə də, qalibiyyət əldə edə bilib. Son üç il ərzində həmişə birinciliyin bir addımlığında olmuşuq", -Ömərov qeyd edib.

O, növbəti yarışmanın Azərbaycanda yüksək səviyyədə keçiriləcəyini və bunun öhdəsindən gələ biləcəklərini deyib.

Azərbaycan təmsilçiləri Eldar QasımovNigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision-2011" müsabiqəsinin qalibi oldu.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində "Eurovision-2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").

Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutdu.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova verdilər.

Xəbər lenti

Xəbər lenti